Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhərində bələdiyyə nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirib. Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə edərək bildirib ki, yerli əhəmiyyətli məsələlərin həllində artıq bələdiyyələrin konkret iş görmək təcrübələri və özlərinə inamları güclənib. Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq bələdiyyə sədrlərinin və bələdiyyə qulluqçularının iştirakı ilə şəhər və rayonlarımızda maarifləndirici tədbirlər – seminar-müşavirələr keçirilir. Bələdiyyə orqanlarına qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrin düzgün və dürüst yerinə yetirilməsi üçün “Yerli vergi və ödənişlərin yığılması, əmlak vergisinin hesablanması, subvensiyaların alınması və digər məsələlərlə bağlı qəbul edilmiş yeni qanunlara dair”, “Torpaq sahələrinin zəbt edilməsi halları ilə mübarizə aparılması üçün tədbirlər görülməsi barədə”, “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun idarə edilməsi barədə” və sair mövzularda son 3 ildə 17-yə yaxın metodik vəsait hazırlanaraq göndərilib. Eləcə də onlar bələdiyyə fəaliyyəti ilə bağlı ədəbiyyatlarla təmin ediliblər. Lakin keçirilən maarifləndirici tədbirlərə, göstərilən metodik köməkliklərə baxmayaraq, hələ də bəzi bələdiyyələrin fəaliyyətində nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Bunun üçün də hər bir bələdiyyənin vəzifəli şəxsi işlərində daha məsuliyyətli olmalı, bələdiyyənin kargüzarlıq işlərini düzgün qurmalı, bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsinə diqqəti artırmalı, habelə bələdiyyə torpaqlarının zəbt olunmasının qarşısını almaqla əhali arasında maariflənmə işləri aparmalıdır.
Vurğulanıb ki, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və bu sahədə hüquq pozuntularının baş verməməsi xüsusilə diqqət mərkəzində saxlanılıb, bələdiyyələrə zəruri metodik köməkliklər göstərilib. Bu gün bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə və ya icarəyə verilir. Aparılan araşdırmaların nəticələrinə əsasən, bələdiyyə ərazilərində torpaqlardan istifadə və onların idarə olunmasında nöqsanlara yol verilib. Bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyi düzgün mənimsəməmələri və işə laqeyd münasibəti nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi faktlarına rast gəlinir. Ona görə də bələdiyyələr torpaqların mülkiyyətə verilməsi, eləcə də torpaqların icarəyə verilməsilə bağlı müqavilələrin bağlanması zamanı qanunun tələblərinə əməl etməlidirlər.
Sonda buraxılan nöqsanların aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb, bələdiyyə nümayəndələrinin suallarına aydınlıq gətirilib, seminar-müşavirə iştirakçılarına “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” və “Bələdiyyələrin maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” adlı maarifləndirici vəsaitlər təqdim olunub.
Kərəm Həsənov