24 Dekabr 2024, Çərşənbə axşamı

Son dövrlər daşınan və daşınmaz əmlak sahibləri tərəfindən icarə­haqlarından verginin hesablanması və ödənilməsi qaydaları ilə bağlı olaraq oxucularımız müxtəlif suallarla müraciət edirlər. Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Qanunsuz sahibkarlığın aşkar edilməsi şöbəsinin rəisi Rəşad Əliyevlə müsahibəmizin mövzusu da əmlak icarəsi və onun vergiyə cəlb olunması məsələləri barədədir:

– Rəşad müəllim, əmlak icarəsi ilə bağlı vergilər necə hesablanır və ödəniş necə həyata keçirilir?
– Əvvəlcə, onu bildirim ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə əsasən kirayə verən (icarəyəverən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilib. Məhz buna görə də icarəçi əmlak sahibinə müəyyənləşdirilmiş icarəhaqqı ödəməyə borcludur.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarəhaqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
İcarəhaqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyəverən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Əmlak kirayəsi müqaviləsinin tərəfləri fiziki şəxslər olduğu halda, kirayə haqlarından verginin hesablanması və ödənilməsi aşağıdakı qaydada həyata keçirilir.
Əmlakı kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (yəni VÖEN-i olduğu halda), əmlakı kirayəyə verən fiziki şəxsə ödədiyi icarəhaqqından 14 faiz dərəcə ilə vergi tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. İcarəhaqqından vergiödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. İcarəyəverənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.
Digər bir halda isə əmlakı icarəyəgötürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olmadığı halda, əmlakı icarəyəverən fiziki şəxs VÖEN əldə etməli və ona ödənilən icarəhaqqından xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergini hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Fiziki şəxs əmlakı hüquqi şəxsdən icarəyə götürdüyü halda, icarəyəgötürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq, hüquqi şəxsə ödədiyi icarəhaqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin icarəhaqlarından 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir.
– Bu gün real həyatda daha çox rastlaşdığımız vətəndaşların şəxsi evlərinin icarəyə verilməsidir. Həmin vətəndaşlar evini icarəyə verərkən hansı prosedurları həyata keçirməlidirlər?
– Vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdiyi halda, kirayəyə götürən tərəfindən ona ödənilən kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və bu zaman evini kirayə verən şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarəhaqqından vergi ödəmək və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
Vətəndaş evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda, özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və həmin ərizəyə şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Vergi orqanı vətəndaşın ərizəsi daxil olduğu gündən sonrakı 2 gün müddətində ona vergi orqanında uçota alınmasını təsdiq edən və üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilən müvafiq şəhadətnamə verir.
Bundan sonra VÖEN-i olan vətəndaş kirayə haqqından xərclər çıxılmadan əldə etdiyi gəlirdən dövlət büdcəsinə 14 faiz dərəcə ilə vergi ödəyir və növbəti il martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim edir.
– Bəzi vergi ödəyiciləri icarə müqavilələrində icarəhaqqının məbləğini həqiqətdə olduğundan xeyli az göstərir, bəzi hallarda isə obyektlər müqavilə olmadan icarəyə verilir. Hər hansı icarəhaqqının ödənilməsi ilə bağlı tərəflər arasında sənəd tərtib edilmədən vergini ödəməkdən yayınıbsa, həmin şəxslərə qarşı hansı cərimələr və sanksiyalar tətbiq oluna bilər?
– Apardığımız müşahidələr onu göstərir ki, bəzi hallarda icarəyəverən və icarəçilər arasında qarşılıqlı əmlak kirayəsi müqavilələri bağlanarkən onlar müqavilələrində icarə­haqqının məbləğini həqiqətdə olduğundan xeyli az göstərirlər. Təbii ki, bu da dövlət büdcəsinə ödənilməli olan vergilərin yayındırılmasına şərait yaradır.
İcarəhaqqının müqavilədə aşağı məbləğdə göstərildiyi və ya obyekt müqavilə olmadan istifadəyə verildiyi hallarda vergi orqanları Vergi Məcəlləsinin 14-cü maddəsinə müvafiq olaraq qeyd olunan icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətlərindən və ya məcəllənin 67-ci maddəsinə müvafiq olaraq əlaqəli məlumatlardan istifadə edilməklə vergiləri hesablamaq səlahiyyətindədirlər.
Dövlət büdcəsinə ödənilməli olan vergilərin yayındırılmasına görə vergi ödəyiciləri Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Mənzilini kirayə verən və vergi ödəyicisi kimi qeydiyyata durmağa borclu olan vətəndaşa, habelə ödədiyi kirayə haqqından ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsə vergi ödəməkdən yayındığı halda, aşağıdakı məsuliyyət tədbirləri tətbiq oluna bilər:
– Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarəhaqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə, hər bir nöqsana görə ayrı-ayrılıqda 40 manat (yəni 80 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilir;
– Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və yayayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;
– Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
Bütün bu məsuliyyət tədbirlərinin baş verməməsi üçün vergi ödəyiciləri və eləcə də vətəndaşlarımız vergi qanunvericiliyinin tələblərinə ciddi əməl etməklə vergiləri dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməlidirlər.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR