“Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının iştirakçıları bu fikirdədir
Xəbər verdiyimiz kimi, iyulun 9-10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans iştirakçıları ilə görüşərək tədbirin əhəmiyyəti barədə söhbət etdik.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının əhəmiyyətini vurğulayaraq dedi:
– Beynəlxalq konfransın Naxçıvan qalalarına həsr olunması heç də təsadüfi deyil. Tarixboyu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı, ilk növbədə, əsas dövlətçilik mərkəzlərindən biri olub. Orta əsrlərdə paytaxtı Naxçıvan şəhəri olan Atabəylər dövləti Azərbaycan xalqına intibah mədəniyyəti bəxş edib, daha sonralar Naxçıvanşahlıq dövləti, Naxçıvan xanlığı yalnız bu diyarın deyil, bütövlükdə, Azərbaycanın siyasi və sosial-mədəni inkişafında əhəmiyyətli rol oynayıb.
Naxçıvan diyarındakı zəngin memarlıq abidələri, onun ayrılmaz tərkib hissəsi olan qalalar məhz Azərbaycan dövlətçilik tarixinin, xalqımızın azadlıq uğrunda mübarizə əzminin simvolları kimi xüsusi əhəmiyyətə malikdir. Bu mənada, “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı Azərbaycanın ictimai və humanitar elmlərinin inkişafı baxımından əhəmiyyətli olmaqla yanaşı, həm də milli vətənpərvərlik hisslərinin aşılanması, xalqımızın qəhrəmanlıq tarixinin təbliği baxımından da xüsusi məna kəsb edir.
Təqdirəlayiq haldır ki, beynəlxalq konfrans adında da ifadə olunduğu kimi, öz ideya mündəricəsi etibarilə tarix və müasirliyin vəhdətinə əsaslanır. Tarixdə olduğu kimi, bu gün də Naxçıvan müasir Azərbaycanın sosial-siyasi və elmi-mədəni həyatında yerinə yetirdiyi məsuliyyətli və şərəfli missiya baxımından, sözün həqiqi mənasında, müstəqil Azərbaycan dövlətçiliyinin əsas mərkəzlərindən biridir. Hazırda Naxçıvan Muxtar Respublikası nəinki Azərbaycanın, geniş mənada dünyadakı hərtərəfli inkişafın önündə gedir.
Konfransın digər bir əhəmiyyəti isə müasir şəraitdə Azərbaycanın apardığı informasiya müharibəsi ilə bağlı bu siyasətə dəstək verməsidir. Hamınıza yaxşı məlumdur ki, bütün beynəlxalq hüquq prinsiplərinin, ümumbəşəri insani dəyərlərin ziddinə olaraq Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş ermənilərin digər qondarma iddialarının əsas hədəflərindən biri də Azərbaycanın qədim diyarı olan Naxçıvandır. Onlar hər cür yalan və uydurmanı özlərinin elmi yanaşmasına çevirərək bu regionla bağlı təhrif olunmuş tarixi məlumatlar yaymaqdan çəkinmirlər. Ötən il akademiyanın 70 illik yubileyinə həsr olunmuş təntənəli iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, informasiya müharibəsi şəraitində alimlərimizin üzərinə böyük məsuliyyət düşür. Cənab Prezident bu baxımdan tarix elminin inkişafını mühüm prioritetlərdən biri kimi müəyyənləşdirdi. Bu mənada, bu konfrans həm də cənab Prezidentin çağırışına layiqli bir cavabdır.
Bunu da xüsusi qeyd etmək istərdim ki, çoxillik axtarışlar əsasında muxtar respublikada yaradılmış sanballı ensiklopedik nəşrlər, salnamələr və antologiyalar yüksək elmi səviyyədə qəbul edilən ciddi və əhəmiyyətli əsərlərdir. Biz bu fikirdəyik ki, Naxçıvanda yaşayıb-yaradan elm adamlarının çoxillik birgə səylərinin nəticəsində meydana çıxmış 3 cildlik “Naxçıvan tarixi” monoqrafik tədqiqatı son illərdə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində meydana çıxmış ən sanballı nəşrlərdən biridir.
Keçmiş Sovet İttifaqı dövründə, bütövlükdə, Azərbaycanda olduğu kimi, Naxçıvan haqqında yazılan elmi əsərlərdə də real tarixdən, gerçəklikdən daha çox ideologiya aparıcı mövqe tutduğu üçün regionun tarixi ilə bağlı bir çox mətləblərdən əsaslı şəkildə bəhs etmək mümkün olmayıb. Naxçıvan Muxtar Respublikasında tarix elmi müstəqil dövlətçilik maraqları və milli maraqlar əsasında yalnız Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra daha məqsədəuyğun surətdə və hərtərəfli şəkildə inkişaf edib. Xüsusən ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması ilə regionda elm sahəsindəki çoxəsrlik ənənələr yenidən canlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikanın bütün istiqamətlər üzrə və yüksək səviyyədə inkişaf etməsinə uğurla xidmət edən özünəməxsus idarəetmə sistemində elmin və təhsilin xüsusi yeri vardır. Məhz bu siyasət nəticəsində bu gün Naxçıvanda elm yeni və daha yüksək mərhələyə qədəm qoyub. Naxçıvan tarix elminin inkişafı istiqamətində də ciddi addımlar atılır, tarixi abidələr bərpa olunur, onların qorunaraq gələcək nəsillərə saxlanılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu yaxınlarda Əlincəqala, Gülüstan türbəsi bərpa edilib, “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 4 iyul 2016-cı il tarixdə Sərəncam imzalayıb. Azərbaycanın elmi ictimaiyyəti bütün bu addımları alqışlayır.
Qədim və zəngin mədəniyyətə, güclü dövlətçilik ənənələrinə malik olan Naxçıvanın memarlıq abidələrinə, xalqımızın qəhrəmanlıq və vətənpərvərlik simvolu olan Naxçıvan qalalarına həsr olunmuş belə bir tədbirdə iştirak etdiyimə görə məmnunluğumu bir daha ifadə etmək istərdim.
Oktay Belli – Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru:
– “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransının keçirilməsini çox yüksək qiymətləndirirəm. Muxtar respublikanın ərazisindəki qalalar Naxçıvanın qədim türk yurdu olduğunu birmənalı şəkildə sübuta yetirir. Bu qalaları “Türkün tarixi möhürü” də adlandırmaq olar.
Mənim beynəlxalq konfransdakı çıxışım “Tunc və Erkən Dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasında oxşarlıq” mövzusunda idi. Orada bu həqiqəti xüsusilə vurğuladım ki, Naxçıvan dünya əhəmiyyətli abidələrlə zəngin bir diyardır. Son illər Naxçıvanda qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları türklərin mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir. Şərqi Anadoluda və Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qalalar, tapılan maddi-mədəniyyət nümunələri bir daha təsdiq etdi ki, hər iki ərazidə mövcud olan qalalar eyni tikinti xüsusiyyətlərinə malikdir. Lakin Tunc və Erkən Dəmir dövründə əcdadlarımız tərəfindən yaradılan ən möhtəşəm qalalar Naxçıvan ərazisindədir. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan qalalarının öyrənilməsində birgə səylərin göstərilməsinə imkan verəcəkdir.
Naxçıvandakı qalalar yüz illərə şahidlik edib. Onlar zirvələrdə səssiz dayanan tariximizdir. Əgər biz bu abidələrə biganə yanaşsaq, onda keçmişimizlə olan sıx bağlarımızı qoparmış olarıq. Bu, bizim əleyhimizə olardı. Ona görə də qalaların qorunması milli varlığımızın qorunması qədər əhəmiyyətlidir. Naxçıvan Muxtar Respublikasındakı tarixi abidələrin, o cümlədən Naxçıvanqalanın, Əlincəqala kimi tarixə meydan oxuyan qəhrəmanlıq, yenilməzlik simvolu olan möhtəşəm qalanın bərpa edilməsi o qədər əhəmiyyətlidir ki, bunu sözlə ifadə etmək mümkün deyil. Çünki bu qalalar tariximizin əsaslı bir parçası olmaqla yanaşı, insanların vətənpərvər ruhda böyüməsində, şəxsiyyət kimi formalaşmasında xüsusi rol oynayır. Bunları daim gündəmdə saxlamaq, qorumaq, bərpa etmək bizim tarix qarşımızdakı borcumuzdur.
Mən 1997-ci ildən bu tərəfə dəfələrlə Naxçıvanda olmuşam. Həmin illərdə Naxçıvan çətin günlərini yaşayırdı. Ancaq insanlar rəhbərləri ətrafında sıx birləşdilər, düşmənə qarşı birgə mübarizə apardılar, çalışdılar, necə deyərlər, zülmət qaranlıqlardan inkişafa doğru yol açdılar. Naxçıvan naminə, Azərbaycan naminə durmadan fəaliyyət göstərdilər. Və buna nail oldular. Bu gün Naxçıvan sürətlə inkişaf edir. Qədim diyar regionun parlayan ulduzuna çevrilib. Buna görə də mən qədim türk yurdu olan Naxçıvanla fəxr edirəm!
Selin Nugent – ABŞ-dakı Ohio Universitetinin dissertantı:
– Naxçıvanda çox sayda qədim qalalar mövcuddur. Bu qalalarda tədqiqatların aparılması təkcə Azərbaycan üçün deyil, ümumilikdə, bütün dünya üçün əhəmiyyətlidir. Çünki aparılan tədqiqatlarda həm də dünyanın qədim tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görülür. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı da bu baxımdan əhəmiyyətlidir. Buradakı elmi məruzələrdə çox önəmli tarixi məsələlərə toxunuldu, elmi nəticələr əldə edildi.
Mən Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının birgə fəaliyyəti çərçivəsində buradayam. 2006-cı ildən muxtar respublikada müxtəlif ərazilərdə arxeoloji qazıntılar aparan ekspedisiya tərəfindən Naxçıvanın Tunc və Dəmir dövrlərinə aid abidələri araşdırılıb, II Kültəpə və Maxta Kültəpəsində arxeoloji qazıntılar aparılıb. Biz, yəni ABŞ-dan gələn arxeoloqlar AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə birlikdə Naxçıvanda, xüsusilə Arpaçay vadisində olan tarix və mədəniyyət abidələrinin qeydə alınması və pasportlaşdırılması prosesində də iştirak etmişik. Başlıca olaraq Şərur, Sədərək və Kəngərli rayonlarının ərazisində tədqiqat aparırıq. Hazırda Şərur rayonu ərazisindəki Qızqalada tədqiqat işlərində iştirak edirəm.
İndiyədək Boyalı qablar mədəniyyətinə məxsus insanların harada yaşaması ilə bağlı aydın təsəvvür yox idi. Bizim iştirakımızla Boyalı qablar mədəniyyətinə aid yeni abidələrin aşkar olunması, xüsusilə Qızqala yaşayış yerində qalın mədəni təbəqənin üzə çıxarılması çox sevindiricidir. Artıq Boyalı qablar mədəniyyətini yaradan tayfaların məhz Naxçıvan ərazisində yaşadığı təsdiq edilib və biz bu barədə beynəlxalq konfranslarda məruzələrlə çıxış edirik.
Rauf Əliyev