Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Şərur rayonunda bələdiyyə nümayəndələrinin iştirakı ilə seminar-müşavirə keçirib.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov açıb.
Seminar-müşavirədə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə edərək bildirib ki, muxtar respublikamızda, eləcə də Şərur rayonunda bələdiyyələrin məhsuldar fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hazırda rayon bələdiyyələri dövlət qurumları üçün ayrılan binalarda rahat iş otaqları, müasir texniki avadanlıqlar ilə təmin olunublar. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq bələdiyyələrə hərtərəfli köməklik göstərilir, onların müxtəlif istiqamətlərdə fəaliyyətinin düzgün qurulması məqsədilə maarifləndirmə işləri aparılır, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin ən yüksək səviyyədə səmərə verməsi üçün həyata keçirilən tədbirlər davam etdirilir. Müsbət hal kimi onu qeyd etmək olar ki, son vaxtlar yaxşı nəticələr əldə edilib, inzibati nəzarət qaydasında nazirliyə daxil olan bələdiyyə aktlarının sayında artım müşahidə olunub, kargüzarlıq işlərinin səviyyəsi yüksəlib, baş verən hüquq pozuntularının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilib, az da olsa baş verən halların aradan qaldırılması xüsusi diqqət mərkəzində saxlanılıb. Nazirliyin əməkdaşları mütəmadi muxtar respublika ərazisində fəaliyyət göstərən bələdiyyələrdə maarifləndirici tədbirlər təşkil edir, bələdiyyə fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların müddəaları izah olunur. Lakin keçirilən maarifləndirici tədbirlərə, göstərilən metodik köməyə baxmayaraq, bəzi bələdiyyələrin fəaliyyətində hələ də nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Bunların aradan qaldırılması üçün bələdiyyələrin vəzifəli şəxsləri işdə daha məsuliyyətli olmalı, kargüzarlıq işlərini düzgün qurmalı, bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsinə diqqəti artırmalı, bələdiyyə torpaqlarının zəbt olunmasının qarşısını almalı, eyni zamanda əhalini maarifləndirməlidirlər.
Sonda buraxılan nöqsanların aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb, bələdiyyə nümayəndələrinin suallarına aydınlıq gətirilib, seminar-müşavirə iştirakçılarına “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” və “ Bələdiyyələrin maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” adlı maarifləndirici vəsaitlər təqdim edilib.
Məlumat üçün bildirək ki, analoji tədbir Sədərək rayonunda da keçirilib.
Xəbərlər şöbəsi