“Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2016-cı il tarixli Sərəncamına əsasən, Ordubad rayonunda gənclərin növbəti hərbi xidmətə yola salınmasına həsr olunmuş mərasim keçirilib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, habelə hərbi qulluqçular, müharibə veteranları, çağırışçıların valideynləri iştirak ediblər.
Mərasimi giriş sözü ilə şöbənin bölmə rəisi, baş leytenant Tahir Hüseynov açıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının Ordubad rayon təşkilatının sədri Fərrux Nağızadə, Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Etibar İsmayılov, rayon Təhsil Şöbəsinin əməkdaşı Əyyar Səfərov çıxış edərək gənclərə hərbi xidmətə yola düşmələri münasibətilə təbriklərini çatdırıblar. Çıxış edənlər ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən söhbət açıb, gənclərə torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Valideynlər adından danışan Əsəd Əliyev övladının hərbi xidmətə yollanmasından qürur və fəxarət hissi keçirdiyini deyib, gənclərə şərəfli xidmət arzulayıb.
Gənc çağırışçılar adından çıxış edən Turan Cabbarlı Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını bildirib.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin rəisi, mayor Vüqar Rəhimli yekun vuraraq hərbi xidmətə yola salınan gəncləri təbrik edib. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu sayəsində ölkəmizdə güclü, müasir hərbi texnika və silahlarla təchiz edilmiş Silahlı Qüvvələr yaradılıb. Azərbaycan Ordusu bu gün Cənubi Qafqazda ən güclü ordudur.
Sonda gənclər təntənəli marşın sədaları altında hərbi xidmətə yola salınıblar.
Məlumat üçün bildirək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa Rayon Şöbəsində də gənclərin ordu sıralarına yolasalma mərasimi keçirilib.
Xəbərlər şöbəsi