24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin bir qrupu “Əlincəqala” tarixi abidəsinə ekskursiya edib. Əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanışlıq olub. Muzeyin direktoru Kamal Gülmalıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, I-VI əsrlərə aid “Əlincəqala” dünya əhəmiyyətli tarixi abidəsinin bərpa edilməsi, Əlincəqalada məskunlaşmış insanların tarixi qəhrəmanlıqlarını, məişətini və döyüş mübarizliyini əks etdirmək üçün burada yaradılan muzey haqqında ətraflı məlumat verib. Ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin “Əlincəqala” və bütövlükdə, tarixi abidələrlə bağlı qiymətli fikri, Əlincə­qalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan XIV-XV əsrlərə aid memarlıq fraqmentləri, Atabəylər dövrünə aid (XII-XIII əsrlər) mis pullar, XI-XII əsrlərə, XIX əsrə aid müxtəlif silahlar, XIX-XX əsrlərə aid bəzək əşyaları, Naxçıvan və Əlincəqala ilə bağlı nəşrlər nümayiş etdirilir. Bütün bunlar orta əsr Azərbaycan mədəniyyətinin dəyərli nümunələridir. Qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkillərindən ibarət stend xalqımızın çoxəsrlik tarixi-mədəni irsinə dövlət qayğısının bariz təzahürü kimi diqqəti çəkir.
Bu gün Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli yadigarı olan Əlincəqalada tarixiliyi qorunub saxlanılmaqla bərpa edilən qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, qalanın zirvəsində ucaldılan Azərbaycan Respublikasının bayrağı yenilməzlik, milli müstəqillik və məğrurluq, qələbə rəmzi kimi bura gələn ziyarətçilərə qürur hissi yaşadır.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR