Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən 9 iyul Azərbaycan Diplomatlarının Peşə Bayramı Günü elan edilmişdir.
Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan öz coğrafi mövqeyinə və strateji əhəmiyyətinə görə hələ qədimdən dünyanın diqqət mərkəzində olmuşdur. Tarixin müxtəlif dövrlərində mövcud olan Azərbaycan dövlətləri hərbi qüdrətlərini artırmaqla yanaşı, həm də xarici əlaqələrin inkişafına mühüm əhəmiyyət vermiş, dünyanın bir çox dövlətləri və imperiyaları ilə siyasi və iqtisadi əlaqələr qurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə milli diplomatiyamız özünəməxsus inkişaf yolu keçmiş, 1920-ci ildə Versal Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması milli diplomatiyamızın mühüm uğuru kimi tarixdə qalmışdır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da tarixən diplomatik əlaqələrin mühüm ənənələri formalaşmışdır. X əsrdə Naxçıvan şahlığının, XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin, XVIII əsrdə Naxçıvan xanlığının, 1918-ci ildə Araz-Türk Respublikasının paytaxtı olmuş beş min illik şəhər mədəniyyətinə malik Naxçıvan Azərbaycan dövlətçiliyinin, siyasi və diplomatik münasibətlər sisteminin formalaşmasına böyük töhfələr vermişdir. Hələ on ikinci əsrdə Möminə xatın Azərbaycan Atabəylər dövlətinin İraq sultanlığı, bu hakimiyyətin rəqibləri olan Marağa və Rey hakimləri ilə münaqişələrinin böyük təcrübə və müdrikliklə aradan qaldırılmasında mühüm xidmətlər göstərmişdir. Naxçıvan xanlarından Heydərqulu xan, Abbasqulu xan və Cəfərqulu xan isə xanlığın xarici siyasətinə bilavasitə rəhbərlik etmiş, Kalbalı xan XVIII əsrin nüfuzlu siyasi lideri və diplomatı kimi məşhurlaşmışdır. Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün böyük səylər göstərən Araz-Türk Respublikasının xarici işlər naziri Bəhram xan Naxçıvanski, Naxçıvan SSR-nin Təbrizdəki ilk konsulu – mühacir diplomat İsmayıl bəy Camalbəyov, mahir diplomat bacarığı ilə Moskva və Qars müqavilələrinin xalqımızın milli maraqlarına uyğun şəkildə bağlanmasında mühüm xidmətləri olan Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov və Rza Təhmasib kimi görkəmli diplomatlar Naxçıvanın diplomatiya tarixində silinməz izlər buraxmış şəxslərdir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də mühüm uğurlar əldə olunmuşdur. Ümummilli liderin rəhbərliyi ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında elmi və milli əsaslara, dərindən düşünülmüş konsepsiyaya söykənən xarici siyasət prinsipləri bərqərar olmuş, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar qəbul edilmiş, Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bu dövrdən etibarən Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili aparılmış və buna uyğun olaraq xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edilmişdir. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, xarici ölkələrlə əlaqələrinin yaxın dövr üçün prioritetləri, əsas istiqamətləri müəyyənləşdirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Bizim diplomatiyamız çox çevik olmalıdır. Biz bölgədə və dünyada baş verən proseslərə çox operativ şəkildə reaksiya verməliyik”, – deyən ölkə başçısının rəhbərliyi ilə ötən illər ərzində bütün sahələrdə olduğu kimi, milli diplomatiya sahəsində də ciddi və əhəmiyyətli uğurlara imza atılmışdır. Bu gün Azərbaycan Respublikasının xarici ölkələrdə 61 səfirliyi, 8 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 10 təmsilçilik ofisi və 6 fəxri konsulluğu fəaliyyət göstərir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol oynayır.
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün diqqət mərkəzindədir. Ermənistanın işğalçılıq siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələdir. Artıq Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentləri, Amerika Birləşmiş Ştatlarının bir sıra ştatları və Sudan Respublikasının parlamenti Xocalı soyqırımını tanımışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır. İdarə yarandığı gündən öz səlahiyyətləri daxilində Naxçıvan Muxtar Respublikasını xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir. Naxçıvan Muxtar Respublikasında dövlət protokolunun həyata keçirilməsini təmin edən idarə muxtar respublikada fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, eləcə də Naxçıvana səfər edən xarici nümayəndə heyətlərinin dövlət hakimiyyəti orqanları ilə münasibətlərini və fəaliyyətlərini əlaqələndirir, bu əlaqələrdə daim iştirak edir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin işinin səmərəli təşkili üçün kadrların seçilməsi və onların peşəkarlıq qabiliyyətlərinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. İdarədə fəaliyyət göstərən diplomatlar mütəmadi olaraq Azərbaycan Diplomatik Akademiyasında və bir çox xarici ölkələrdə təşkil olunmuş diplomatik kurslarda iştirak edir, təcrübə, bilik və bacarıqlarını artırırlar. Təkcə 2015-ci ildə əməkdaşlardan 7-si Azərbaycan Diplomatik Akademiyasının təlim kurslarında, 1-i Pakistan Diplomatik Akademiyasının, 1-i Çin Xalq Respublikasının Pekin Beynəlxalq İnstitutunun, 1-i isə Cənubi Koreya Respublikasının KOİCA Diplomatik Akademiyasının ixtisasartırma kurslarında iştirak etmişlər. Bundan başqa, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Sədərək, Culfa və Şahtaxtıda, eləcə də Naxçıvan Beynəlxalq Hava Limanının sərhəd-nəzarət buraxılış məntəqələrində viza sektorları fəaliyyət göstərir. Ötən dövr ərzində idarədən Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə 16 əməkdaş ezam olunmuşdur. Onlar ölkəmizin Bolqarıstan, Malayziya, Özbəkistan, Meksika, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Qazaxıstan, Türkmənistan və Hindistandakı səfirliklərində, eləcə də Təbriz, Qars və İstanbul şəhərlərindəki Baş konsulluqlarında Azərbaycan Respublikasının maraqlarını layiqincə müdafiə edirlər. Əməkdaşlardan biri isə bu il ölkəmizin Çilidəki daimi nümayəndəsi kimi fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətlərinə, Avstriyanın Ştayermark Federal Əyalətinə və Gürcüstanın Acarıstan Muxtar Respublikasına rəsmi və işgüzar səfərləri Azərbaycan Respublikasının bu ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfələr vermişdir. Bu gün Naxçıvan Muxtar Respublikası özünün muxtar dövlət statusuna əsasən, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində və Avropa Birliyinin Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətləri Konfransında (CORLEAP) uğurla təmsil olunur. Bu qurumlar vasitəsilə qitənin ayrı-ayrı regionları, muxtariyyətləri və federal subyektləri ilə birbaşa əlaqələr yaradan və səmərəli əməkdaşlıq edən Naxçıvan Muxtar Respublikası eyni zamanda Avropa siyasətinin formalaşması və həyata keçirilməsi prosesində yaxından iştirak edir. 2012-ci ildə Fransanın Strasburq şəhərində Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü plenar sessiyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının statusunu və sərhədlərini müəyyən edən Moskva və Qars müqavilələri beynəlxalq təşkilatların sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir.
2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün, 2012-ci ildə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin, eləcə də türkdilli ölkələrin gömrük xidməti rəhbərlərinin, 2014-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşlərinin Naxçıvanda keçirilməsi, Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin Naxçıvana səfər etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi muxtar respublikanın əhəmiyyətinin mühüm göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Hər bir ölkənin diplomatiyası o ölkənin qürur mənbəyidir. Milli dövlətçiliyi və dövlət sərhədləri olan ölkələr istər-istəməz beynəlxalq münasibətlər sisteminin subyektinə çevrilirlər. Bu mənada diplomatiya dövlətçiliklə birbaşa bağlıdır və ondan kənarda ölkələrarası münasibətlər mümkün deyil. Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlətlər siyasi səhnədən silinməyə məhkumdurlar”.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin kollektivi ölkəmizin milli və siyasi maraqlarının qorunmasında bundan sonra da yorulmadan fəaliyyət göstərəcəkdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar
Respublikasındakı İdarəsinin mətbuat xidməti