Şahbuz Şəhər Mərkəzində keçirilən bələdiyyə orqanlarında qanunvericiliyin tətbiqi ilə bağlı görülən işlərə həsr olunmuş tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev mövzu ilə bağlı çıxış edib. Bildirib ki, bələdiyyələrə metodik köməkliyin göstərilməsi istiqamətində işlər mütəmadi olaraq davam etdirilir. Məqsəd qarşıya qoyulmuş vəzifələrin qanunvericiliyin tələblərinə uyğun icrasına nail olmaqdır. Bu tədbirlər vasitəsilə bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, bələdiyyələrdə kargüzarlıq işlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması ilə bağlı onlara ətraflı məlumatlar verilir.
Nazir bildirib ki, Şahbuz rayonunda fəaliyyət göstərən bələdiyyələrdə qanunvericiliyin təmin olunması və kargüzarlığın müvafiq normativ aktların tələblərinə uyğun aparılmasının öyrənilməsi məqsədilə son illərdə rayon İcra Hakimiyyəti ilə birlikdə dəfələrlə yoxlamalar keçirilib. Aşkar olunan nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə hərtərəfli metodik köməkliklər göstərilib. Kənd yerlərində fiziki və hüquqi şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində icarə müqavilələri bağlamaqla kənd təsərrüfatı məhsulları istehsalına diqqət daha da artırılmalı, muxtar respublikada kənd təsərrüfatı məhsulları bolluğunun yaradılmasında bələdiyyələrin rolu gücləndirilməlidir.
Vurğulanıb ki, ötən dövr ərzində keçirilən maarifləndirici tədbirlər, verilmiş tövsiyə və təkliflər rayon üzrə bələdiyyələrin fəaliyyətində irəliləyişə və uğurların qazanılmasına öz təsirini göstərib. Bununla yanaşı, 2016-cı ilin muxtar respublikamızda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bələdiyyələrin də üzərinə mühüm vəzifələr qoyur. Ona görə də hər bir bələdiyyə üzvü öz vəzifə borcuna daha ciddi yanaşmalıdır.
Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev yekun vuraraq bildirib ki, rayonda bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üçün hər cür imkanlar var və son illərdə onların fəaliyyətində canlanma müşahidə olunması da bunu deməyə əsas verir.
Tədbirin sonunda iştirakçılara “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” və “Bələdiyyələrin maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” kitabları təqdim olunub.
Xəbərlər şöbəsi