Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur.
Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənmiş, vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Bu dövrdən etibarən şəxsi heyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanılmışdır. Ölkəmiz müstəqillik qazandıqdan və 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra isə hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsinin əsası qoyuldu. Cəmiyyət həyatında sabitliyin qorunması, asayişin bərpası dövlətçiliyin təməl prinsiplərindən biri kimi diqqət mərkəzində saxlanıldı, hüquq-mühafizə orqanlarında, xüsusən daxili işlər orqanlarında müşahidə olunan neqativ hallar aradan qaldırıldı.
Ümummilli liderimizin həyata keçirdiyi kadr islahatları peşəkarlığın artırılmasına, xidmətin səmərəli təşkilinə zəmin yaratdı. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi ölkədə cinayətkarlıqla mübarizənin möhkəm təməlini qoydu. Vətəndaşların dinc, rahat yaşamaları üçün lazımi şərait yaradıldı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, kriminogen durum nəzarətə götürüldü.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sabitliyin və asayişin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Vətəndaşların məruz qala biləcəyi hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin həyata keçirilməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə “102” və “Təhlükəsiz şəhər” xidmətləri yaradılmışdır. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşlarına əlavə stimul vermişdir. Artıq ölkəmizin möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının da mühüm xidmətləri vardır.
Muxtar respublikamızda da polis orqanları diqqət və qayğı ilə əhatə olunmuşdur. Son illər Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılmış, fəaliyyətin günün tələbləri səviyyəsində təşkili təmin edilmişdir. Ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası da daxil olmaqla, bütün ərazi polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidməti avtomobillər yeniləri ilə əvəz edilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminat polisin işini daha da asanlaşdırmışdır.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirləri həyata keçirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman, sərəncam və tapşırıqları, qarşıya qoyduğu vəzifələr rəhbər tutularaq, vətəndaşların və muxtar respublikanın qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində tədbirlər davam etdirilir, daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla yerinə yetirirlər.
Bu gün muxtar respublikanın daxili işlər orqanları qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yeni iş metodları tətbiq edir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələri möhkəmləndirir. Əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Artıq polis insan hüquqlarının əsas təminatçısına çevrilmiş, milli dəyərlərə hörmət və dövlətçilik ənənələrinə sədaqəti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir. Hazırda muxtar respublikada cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilir. Naxçıvan polisi cinayətlərin, inzibati xətaların və digər hüquqpozmaların baş vermədən qarşısının alınması istiqamətində uğurlu fəaliyyət göstərir. Ən müasir texniki avadanlıqlardan, informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında operativliyi artırmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsinin, elektron poçtunun və səyyari xidmətinin fəaliyyət göstərməsi isə işin səmərəli təşkilinə, eləcə də vətəndaşların rahatlığının təmin olunmasına və müraciətlərinin vaxtlı-vaxtında həllinə şərait yaratmışdır.
Öz işini qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi prinsipləri əsasında quran polis orqanları hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, eləcə də cinayətkarlığa qarşı mübarizədə yeni iş metodları tətbiq etməklə yanaşı, şəxsi heyətin peşə hazırlığı, mənəvi dəyərlərə ciddi riayət ruhunda tərbiyə olunması işini də diqqət mərkəzində saxlayır. Bununla yanaşı, muxtar respublikanın şəhər, rayon və kəndlərində, eləcə də ümumtəhsil məktəblərində mütəmadi olaraq görüşlər keçirilir, əhali arasında maarifləndirici söhbətlər aparılır.
Ulu öndər Heydər Əliyev polis əməkdaşları qarşısında mühüm vəzifələr müəyyənləşdirərək demişdir: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Cinayətkarlığın qarşısının alınması, dövlətin yaratdığı bütün imkanlardan respublika vətəndaşlarının bəhrələnməsi üçün dinc şəraitin təmin edilməsi, asayişin və qanunçuluğun möhkəmləndirilməsi naminə polis daim öz peşəkar səviyyəsini yüksəltməli, gündəlik işini müasir tələblərə, beynəlxalq təcrübəyə və normalara uyğun qurmalıdır”.
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi qarşıya qoyulan vəzifələrin icrasında bundan sonra da səylə çalışacaq, xalqa, vətənə sədaqətlə xidmət edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin mətbuat xidməti