24 Dekabr 2024, Çərşənbə axşamı

Culfa rayonunda “Bələdiyyə orqanlarında qanunvericiliyin tətbiqi ilə bağlı görülən işlər” mövzusunda keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açıb.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edib. Bildirilib ki, muxtar respublikada aparılan hərtərəfli abadlıq və quruculuq işləri çərçivəsində bələdiyyələrin də müasir iş şəraiti ilə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Belə ki, muxtar respublikada fəaliyyət göstərən bələdiyyələrin böyük əksəriyyəti müasir standartlara uyğun tikilən şəhər, qəsəbə və kənd mərkəzlərində müvafiq iş otaqları ilə təmin olunublar.
Qeyd edilib ki, 15 ildən çox müddət keçməsinə baxmayaraq, bu gün hələ də bələdiyyələrin istər kadrlarla iş, istərsə də kargüzarlıq sahəsində işləri günün tələbləri səviyyəsində deyil. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müntəzəm olaraq bələdiyyələrə metodik köməkliyin göstərilməsi və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəli təşkili istiqamətində işlər mütəmadi davam etdirilir.

Bu gün bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqlar haqqında” Azərbaycan Respublikasının Qanunu və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə və icarəyə verilir. Bələdiyyə üzvlərinin hüquqi biliklərinin az olması, qanunvericiliyi düzgün mənimsəməmələri və işə laqeyd münasibətləri nəticəsində bələdiyyə torpaqlarının zəbt olunması, qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunsuz dəyişdirilməsi faktlarına rast gəlinir. Ona görə də bələdiyyələr torpaqların mülkiyyətə, eləcə də icarəyə verilməsi ilə bağlı müqavilələrin bağlanması zamanı kargüzarlıq və digər qanunun tələblərinə əməl etməlidirlər.
Vurğulanıb ki, muxtar respublikada bələdiyyə sədrlərinin və bələdiyyə qulluqçularının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında peşə hazırlığına cəlb edilmələri nazirlik tərəfindən mütəmadi təmin olunur. Bu məqsədlə ötən il 20 bələdiyyə sədri, bu ilin ötən dövründə isə 15 bələdiyyə sədri və 5 bələdiyyə qulluqçusu Ədliyyə Akademiyasına göndərilib. Bu proses mütəmadi davam etdiriləcəkdir.
Tədbir iştirakçılarına “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” və “Bələdiyyələrin maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” kitabları təqdim olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR