Bu dəfə yolumuz Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinədir. Getdiyim bu yol arzuolunan yol deyil. Heç kim istəməz bu ünvana yolu düşsün. Amma həyatda elə hadisələr baş verir ki, özün, qohumun, ailəndəki ən yaxının həyatının bir hissəsini dəmir barmaqlıqlar arasında keçirir. Bəs niyə? Bu sualın cavabı saysız-hesabsızdır. Ən son nəticədə cinayət törənibsə, bunun cəzası da olmalıdır. Yüngül və ya ağır. Dəmir barmaqlıqlar səni gözləyir. Və bundan sonrakı həyat.
Kütləvi informasiya vasitələrindən dünyanın müxtəlif ölkələrində həbsxanalarda məhkumların xoşagəlməz şəraitdə saxlandığının şahidi olmuşuq. Bəs muxtar respublikamızda necə? Məhkumlar hansı şəraitdə saxlanılır? Onların islah olunması üçün hansı tədbirlər həyata keçirilir? Bu barədə bir az sonra. Amma əvvəlcə onu qeyd edim ki, bu müəssisə 2008-ci ildə fəaliyyətə başlayıb. Buranın yaradılması ilə bir sıra problemlər də öz həllini tapıb. Muxtar respublikada cinayət törətmiş Azərbaycan vətəndaşlarının cəzaçəkmə müəssisələrinə aparılması, eyni zamanda cəza dövründə onların valideynlərinin, yaxınlarının görüşə getmələri blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında bir sıra çətinliklər yaradırdı. Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaradılması bu çətinliklərə son qoyub. Müəssisənin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri çıxış edərək bildirib ki, Azərbaycan vətəndaşları ölkəmizin milli sərvətidir. Biz bu sərvəti qorumalı, vətəndaşlarımızı Azərbaycanın inkişafına, ölkəmizin gələcəyinin, müstəqilliyinin möhkəmləndirilməsinə istiqamətləndirməliyik. Təsadüf, yaxud özünü idarə edə bilməməsi nəticəsində cinayət və ya qanun pozuntusu törətmiş şəxslər isə burada tərbiyə olunmalıdırlar.
Bu ilin fevral ayında müəssisədə yeni yaradıcılıq və istehsalat binasının istifadəyə verilməsi bu funksiyanın yerinə yetirilməsinə böyük töhfəsini verir. Bu, muxtar respublikada insan amilinə nə qədər dəyər verildiyinin göstəricisidir. Oxucularımıza bu binanın fəaliyyəti, burada məhkumların əl işləri barədə məlumat vermək üçün yaradıcılıq və istehsalat binasında olduq.
... Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkilat-nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimovun müşayiəti ilə yeni yaradılan yaradıcılıq və istehsalat binasına daxil oluruq. Məhkumlar iş başındadır. Bir az onları kənardan izləyirəm. Düşünürəm ki, məhkumların islah olunmasında əməyin böyük rolu vardır. Çünki peşə vərdişinə yiyələnmə məhkumun gələcəkdə cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu günə kimi 64 məhkum kompüter istifadəçisi, misgərlik, ağac üzərində oyma və qazanxana maşinisti peşələri üzrə kurs keçib. Azad edilmiş məhkumlar öyrəndikləri peşələr üzrə fəaliyyətlərini davam etdirirlər. Məhkumlarla həmsöhbət oluram. Onlardan Mehdi Kərimov deyir:
– Naxçıvan şəhərindənəm. 8 ildir, azadlıqdan məhrum olunmuşam. Bir ildən sonra azadlığa buraxılacağam. Yaradıcılıq və istehsalat binasında müxtəlif əl işləri hazırlayıram.
Söhbətimizi Elmixan Əliyevlə davam etdirirəm. O, Şərur rayonunun Şəhriyar kəndindəndir. Cəza müddəti 9 il 9 aydır. Bunun 2 il 9 ayı arxada qalıb. Digər məhkum yoldaşları kimi, o da etdiyi əməldən peşmandır. Amma özünə düzgün yol seçməyi qarşısına məqsəd qoyub. Bu düzgün yolun ilk addımını elə yaradılan bu istehsalat sahəsində atıb. Burada əl işlərinin hazırlanmasında məhkum yoldaşlarına köməklik edir.
Culfa rayonunun Dizə kəndindən olan Arzuman Babayev gəncliyinin ən gözəl çağında 5 il azadlıqdan məhrum edilib. O deyir:
– Heç kəsə arzulamaram ki, məhkumluq həyatı yaşasın. Azadlıq qədər şirin nemət yoxdur həyatda. Bax bu gördüyünüz rəsm əsərləri belə, məndən daha azaddır. Bir neçə gündən sonra bu əsərlər azadlıqda müxtəlif insanların əlində olacaq. Amma mən azadlıqda deyiləm. Məndən 20 kilometr aralıda insanlar azadlıqdadır. Amma mən... Törətdiyim cinayətə görə çox peşmanam. Sonrakı peşmançılıq fayda verməz. İki il arxada qalıb. Bu aylar ərzində həyatın mənasını daha yaxşı anladım. Burada başımız çox qarışır. Bu yaradıcılıq və istehsalat binası mənim həyatımda dönüş yaratdı. Azadlıqda bu sənətimi davam etdirəcəyəm.
İki uşaq atası Elmar Fətəliyev burada qazandığı gəliri ailəsinə göndərir:
– İstərdim ki, ailəmin yanında olum, qazandığım puldan övladlarıma nələrsə alıb onları sevindirim. Elədiyim səhv ucbatından onlardan uzaq düşdüm. Düşünürdüm ki, bəs ailəmə, uşaqlarıma necə baxacağam? Bu istehsal sahəsi bizim həm də çörəkpulu qazanmağımıza şərait yaratdı. Bunun üçün dövlətimizə minnətdaram.
Şahbuz rayonunun Külüs kəndindən olan, 9 il azadlıqdan məhrum edilən Elşən Şirinov nərd taxtası üzərinə naxışlar vurur. Onun dedikləri:
– Taxtalara vurduğum hər naxış azadlığın yanğısıdır. Azadlıq həsrətində ərsəyə gəlmiş bu əl işləri bizim üçün çox əzizdir. Burada hərəmiz müxtəlif peşə öyrənirik. Azad olunan şəxslərin əksəriyyəti öyrəndikləri peşələri davam etdirirlər. Bu işi azadlıqda davam etdirəcəyəm. Burada çalışan məhkumların hamısı bu fikirdədir.
11 il azadlıqdan məhrum edilən, 1971-ci il təvəllüdlü Fərhad Rüstəmov 9 ili geridə qoyub. O, duzla müxtəlif əl işləri hazırlayır. Əl işlərinə baxanda belə istedadlı insanı məhkum kimi qarşımızda görmək, sözün əsl mənasında, təəssüf hissi doğurur. Ötən ay “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Yaradıcı əllər” festivalında diploma layiq görülüb.
Məhkumlarla söhbətdən sonra bina ilə tanış oluruq. İkimərtəbəli binada istehsalat və tədris otaqları, yeməkxana və nəzarətçi otağı vardır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Qəzənfər Mahmudov deyir ki, burada istehsalat prosesi ilə yanaşı, kompüter istifadəçisi, nəqqaşlıq və misgərlik, ağac, daş və duz üzərində oyma, dərzi, rəssam, ayaqqabı təmiri və bərbər peşələri üzrə kurslar təşkil olunur. Bunun üçün tədris otaqları təyinatına uyğun avadanlıqlarla təmin edilib, kompüter otağında 8 kompüter dəsti quraşdırılıb, 29 məhkumun eyni vaxtda müxtəlif peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılıb. Burada açılan ixtisaslar muxtar respublika üçün tələbat olan sahələrdir. Kənd yaşayış məntəqələrində istifadəyə verilən xidmət mərkəzlərində yeni iş yerləri açılıb. Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaradıcılıq və istehsalat sahəsində müxtəlif peşələri öyrənən məhkumların bir hissəsi gələcəkdə məhkumluq müddəti başa çatdıqdan sonra bu sahələrdə işlə təmin olunacaqlar.
Burada hazırlanan əl işlərinin muxtar respublikada keçirilən müxtəlif sərgilərdə nümayişi və satışı təşkil olunur. Hazırda Naxçıvan şəhərində məhkumların əl işlərinin satışı mağazası fəaliyyət göstərir. Göründüyü kimi, bu tədbirlər muxtar respublikanın hər bir sakininin nə qədər qiymətli olduğunun göstəricisidir. İxtisası və peşəsi olan vətəndaşlar isə ölkəsi və xalqı üçün daha faydalı olur. Bu gün Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin yaradıcılıq və istehsalat binasında müxtəlif səbəblərdən məhkumluq həyatı yaşayan vətəndaşlarımıza peşələr öyrədilir. Bütün bunlar isə həmin insanların cəmiyyətə qaytarılması üçün görülən tədbirlərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Məhkumlara peşə öyrədilməsi və onların cəmiyyətə sağlam vətəndaş kimi qaytarılması qarşıda duran əsas vəzifədir. Ona görə də məhkumluq həyatı yaşayan vətəndaşlarımıza qayğı ilə yanaşılmalı, onların yenidən həyata hazırlanmaları üçün lazımi tədbirlər görülməlidir... Məhkumlar cəmiyyətdən təcrid olunmamalı, azad olunduqdan sonra ölkəsi və ailəsi üçün yararlı vətəndaşa çevrilməlidirlər”.
Sara Əzimova