Naxçıvan şəhərindəki “N” hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü münasibətilə bayram tədbiri olub.
Tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov tədbir iştirakçılarını 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edib, ordunun xalqın dayağı, döyünən ürəyi olduğunu bildirib.
Mirqiyas Rüstəmov deyib ki, əgər dövlətin ordusu güclüdürsə, həmin dövlət regionda söz sahibi kimi çıxış edə, özünün milli mənafelərini inamla qoruya bilər. Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gündən bu günə kimi şərəfli və keşməkeşli yol keçdiyini deyən natiq bu gün Silahlı Qüvvələrimizin dünyanın sayılıb-seçilən ordularından olduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, bu ilin aprel ayının əvvəllərində Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatının qarşısını almaqla yanaşı, ona sarsıdıcı əks- zərbə vuraraq zəfər qazanıb, nəyə qadir olduğunu bir daha sübuta yetirib. Bununla da, düşmən Azərbaycan Ordusu qarşısında nə qədər gücsüz və aciz olduğunu anlayıb.
Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Vətənin müdafiəsində igidlik və mətinliklə dayanan bütün hərbi qulluqçuları təbrik edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Kamran Quliyev deyib ki, 98 il bundan əvvəl yaranan Milli Ordumuz bu gün özünün gücü, qüdrəti ilə dünyaya səs salıb. Bu, hər bir vətənpərvər insanda qürur, fəxarət hissi yaradır.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifasında səsləndirilən musiqi nömrələri, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin çıxışları əsgərlərimiz tərəfindən maraqla qarşılanıb.
Hərbçilərimizin nümunəvi çıxışları tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.
Rauf Əliyev