Naxçıvan Dövlət Universitetində “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” mövzusunda tədbir keçirilib.
Ali məktəbin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə keçirilən tədbirin mühüm və aktual mövzuya həsr olunduğunu vurğulayıb. Prorektor bildirib ki, hər bir vətəndaş, xüsusilə dövlətin və xalqın gələcəyi olan gənclər Vətəni sevmək, qorumaq, dünyada təbliğ etmək kimi müqəddəs bir amala xidmət etməlidirlər.
Tərbiyə işləri üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov çıxışında müstəqil Azərbaycanın hərbi qüdrətinin artması, Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından birinə çevrilməsi, işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində aparılan uğurlu siyasətin xalqımızda vətənpərvərlik ruhunu, döyüş əzmini yüksəltdiyini bildirib. O, tələbə-gəncləri öz milli mənsubiyyətləri, doğma vətənləri ilə qürur duymağa, istedad və qabiliyyətləri, intellektləri ilə Vətənə xidmət etməyə səsləyib.
Universitetin Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov, İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxışlarında vətənpərvərlik ruhunun təməlinin erkən yaşlarda ailədə, məktəbəqədər tərbiyə ocaqlarında və orta məktəbdə qoyulduğunu, orta ixtisas və ali təhsil müəssisələrinin gənc nəslin bu ruhda yetişib formalaşmasında başlıca rol oynadığını diqqətə çatdırıblar. Qeyd olunub ki, vətənpərvərlik ruhunun aşılanmasında milli poeziya və musiqinin, incəsənətin, qədim və zəngin tariximizin təbliğinin müstəsna əhəmiyyəti var.
Diskussiya şəklində davam edən tədbirdə tələbələr mövzu ilə bağlı fikirlərini bildiriblər, onların sualları cavablandırılıb.
Mehriban SULTAN