Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi – 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu yaradılmışdır. 1920-ci ildə ölkəmiz Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan Ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur. Bu gün iqtisadi yüksəlişi ilə diqqətləri özünə cəlb edən ölkəmiz qüdrətli ordusu ilə də hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmişdir.
Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə milli hərbi kadrların hazırlanması məqsədilə həyata keçirdiyi tədbirlər və bunun tərkib hissəsi kimi Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması mühüm tarixi əhəmiyyətə malikdir. İmperiya tərkibində azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması, əslində, gələcək müstəqillik üçün atılan addım idi. O dövrdə dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə hazırlanan hərbi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra Milli Ordumuzun komandan heyətini təşkil etmişdir.
Müstəqillik tariximizi araşdırarkən bir həqiqət də öz təsdiqini tapır ki, Azərbaycanda dövlət və ordu quruculuğu prosesinə ulu öndərin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. 1991-ci il sentyabrın 7-də sovet ordusunun burada yerləşən hərbi hissəsinin bazasında Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir. Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdir. Ümummilli lider Heydər Əliyev həmin dövrü xarakterizə edərək demişdir: “1990-1991-ci illərdə Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da, biz Naxçıvanda mütəşəkkil Silahlı Qüvvələr yaratmaq prosesinə başladıq”.
Tarixdən də görürük ki, güclü dövlətlərin hər biri, adətən, müstəqilliyinin ilk illərində müəyyən sınaqlarla qarşı-qarşıya qalırlar. Maraqlıdır ki, bu sınaqlar həm də həmin dövlətlərin güclənməsi yolunda yeni mərhələnin başlanmasına rəvac verir. Bu gün regionun ən qüdrətli dövləti olan Azərbaycan da müstəqilliyinin ilk illərində çox ciddi çətinliklərlə qarşılaşmışdı. Həmin illərdə anarxiya, siyasi hərc-mərclik və özbaşınalıq hökm sürürdü. Yaranmış xaotik vəziyyətdən istifadə edən xarici və daxili düşmənlər daha da fəallaşmışdılar. Ermənilər torpaqlarımızı işğal edirdilər. Ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar isə düşmənə qarşı müqavimət göstərmək əvəzinə, məxsus olduqları şəxslərin maraqlarına xidmət edirdilər. Vahid komandanlığın olmaması vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir vəziyyətdə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə Bakıya – ali hakimiyyətə qayıtdı. Mövcud silahlı birləşmələr vahid komandanlıqda birləşdirildi. Ciddi struktur və kadr dəyişiklikləri həyata keçirildi. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması təmin olundu. Bununla da, ordu quruculuğunda yeni mərhələnin əsası qoyuldu.
Ümummilli lider ölkəyə rəhbərlik etdiyi ilk dövrlərdən etibarən şəxsən hərbi hissələrdə olmuş, xidmətin təşkili ilə maraqlanmış, ordunun inkişafının yeni metodlarını işləyib hazırlamışdı. 1994-cü ildə ulu öndər Heydər Əliyev Ağcabədi rayonundakı hərbi hissədə olarkən jurnalistin ona ünvanladığı “Hörmətli Prezident, cəbhə bölgələrinə səfərinizin məqsədi nədir?” sualını belə cavablandırmışdır: “Məqsəd odur ki, yerlərdəki vəziyyəti özüm şəxsən görüb öyrənmək istəyirəm. Ali Baş Komandan kimi Müdafiə Nazirliyindən məlumat alıram, briqada komandirləri ilə bilavasitə əlaqə saxlayıram. Eyni zamanda vəziyyəti özüm şəxsən görüb, tanış olub, aydınlaşdırmaq istəyirəm. Əsgərlərlə, zabitlərlə görüşərək onların əhval-ruhiyyəsini öyrənirəm. Çalışıram, öyrənim ki, onların döyüş ruhu nə səviyyədədir. Bunların hamısı mənim üçün həm orduya rəhbərlik etmək, müdafiəni etibarlı təşkil etmək, həm də torpaqlarımızın azad olunması planlarını hazırlamaq üçün çox lazımdır”.
Ulu öndərin orduya diqqəti əsgərlərin döyüş əzmini artırırdı. 1994-cü il yanvarın 4-də Füzuli-Beyləqan istiqamətində əks-hücuma keçən Azərbaycan Ordusu bir gün ərzində 20-dən çox yaşayış məntəqəsini düşməndən azad etmişdir. Çoxsaylı yaşayış məntəqələri ilə yanaşı, strateji yüksəkliklər də ələ keçirilmişdir. Ordumuzun ilk nizami hərbi birləşmələrinin əks-hücuma keçməsi düşmən tərəfdə vahimə yaratmışdı. 1994-cü ildə atəşkəsin əldə olunması isə ordu quruculuğunda mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaratdı. Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların Silahlı Qüvvələrin formalaşmasında iştirakı təmin olunmuş, döyüş ruhunun yüksəldilməsi və hərbi-vətənpərvərlik hisslərinin aşılanması işi gücləndirilmiş, maddi-texniki təminat xeyli yaxşılaşdırılmışdır.
Sonrakı illərdə dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin strukturu tam formalaşdırılmış, bütün növ hərbi birləşmələr, piyada, tank, artilleriya qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qoşunları, əlahiddə taborlar yaradılmış, hərbi hissələr komplektləşdirilmişdir. Bu dövrdə hərbi təhsil məsələləri də diqqətdən kənarda qalmamış, ulu öndər 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının yaradılması, 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması haqqında fərmanlar imzalamışdır.
Bir sözlə, 1993-cü ildən sonra ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən parlaq səhifələrindən birini Milli Ordunun yaradılması təşkil etmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə qısa müddətdə ordu quruculuğunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanılmış, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı ordumuzun büdcəsinin artmasına və nəticə etibarilə, güclənməsinə şərait yaratmışdır. Ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Müasir döyüş texnikaları ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri hazırda yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Azərbaycanda ən müasir, güclü ordu yaradılmasının qarşıya qoyulan başlıca hədəflərdən olduğunu bildirən Ali Baş Komandan cənab İlham Əliyev demişdir: “Hər bir ölkə üçün onun ordusu çox vacib bir atributdur, çox önəmli bir rəmzdir. O cümlədən Azərbaycan üçün. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan hələ də müharibə şəraitində yaşayır, orduya diqqət daim yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Biz bu hərbi üstünlüyü əldə etmişik və gərək bunu möhkəmləndirək. Düşmən bilməlidir ki, Azərbaycan Ordusu istənilən vaxtda öz doğma torpaqlarını azad edə bilər”.
Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyev Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Bununla da, Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranmışdır. Ölkə Prezidenti İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilmişdir. Qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur.
İstənilən halda hər bir ordunun gücü iki halda müəyyən edilir. Birincisi, müharibədə, digəri isə genişmiqyaslı hərbi təlimlərdə. Bu il iyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun döyüş atışlı taktiki təlimində də muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olduğu bir daha öz təsdiqini tapdı.
Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordusu və Silahlı Qüvvələrimizin muxtar respublikadakı digər birləşmə və hissələri böyük təşkilatlanma və quruculuq yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var. Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib keyfiyyətdir”.
Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edirik. Ordumuzun son vaxtlardakı uğurları, Azərbaycan əsgərinin və xalqının döyüş və vətənpərvərlik ruhu, düşmən atəşlərinin qarşısının mərdliklə alınması, düşmənin təxribat xarakterli hərəkətlərinə vaxtında layiqli cavab verilməsi hər birimizdə qürur hissləri yaradıb. Müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızı geri qaytarmaq qüdrətindədir. Zəngin hərbi tarixə malik Azərbaycan xalqı bu gün öz ordusunun gücünə arxalanır, zəfərlər sorağında gələcəyə böyük ümidlər bəsləyir.
“Şərq qapısı”