Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ali hakimiyyətə gəlişindən sonra ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar edilmiş, dövlət idarəçiliyinin yeni əsasları formalaşdırılmış və Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuşdur. Dahi şəxsiyyətin rəhbərliyi ilə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və demokratikləşdirilməsi prosesinə başlanmış və bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması məqsədilə 2000-ci il 21 iyul tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.
Bu gün Azərbaycanda milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə cavab verən çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikasında da dövlət qulluğu sahəsində aparılan islahatlar uğurla davam etdirilir. Son illər muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılmışdır. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi dövlət qulluğuna göstərilən diqqət və qayğının ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmışdır. Komissiyanın yaradılmasında əsas məqsəd muxtar respublikada kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə yolu ilə seçilməsi, yerləşdirilməsi və digər məsələlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Fəaliyyətə başladıqdan qısa müddət sonra komissiya üçün yeni inzibati binanın tikilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadəyə imkan verən test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması fəaliyyətin günün tələbləri səviyyəsində qurulmasına şərait yaratmışdır.
Hazırda komissiya tərəfindən dövlət orqanlarında dövlət qulluğuna aid normativ aktların tələblərinə riayət olunması nəzarətdə saxlanılır, onlara dövlət qulluqçularının şəxsi işlərinin və reyestrinin aparılması qaydaları, ixtisas dərəcələrinin verilməsi və digər məsələlərlə bağlı metodiki köməklik göstərilir. Bu ildən etibarən isə muxtar respublikada dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılmışdır. Komissiya tərəfindən indiyədək keçirilmiş 10 müsabiqədə 3423 namizəd iştirak etmiş, onlardan 647-si müsabiqəni müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Bundan başqa, komissiyanın təşkilatçılığı ilə dövlət qulluğunun xüsusi növünə aid olan orqanlar üzrə 27 müsabiqənin test imtahanları keçirilmiş, bu imtahanlarda 1191 namizəd iştirak etmiş, onlardan 337-si müvafiq keçid balını toplamışdır. Dövlət orqanlarında boş yerlərin tutulması üzrə keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə görülən işlər öz bəhrəsini verir və gənclərin dövlət qulluğuna marağı artır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən yeni proqram təminatının yaradılması komissiyanın fəaliyyətinin yaxşılaşmasına səbəb olmuş, elektron xidmətlərin həyata keçirilməsinə, namizədlərin internet üzərindən qeydiyyatdan keçməklə müsabiqədə iştirakına imkan yaratmışdır. Bütün bunlar elektron sənəd qəbulu işinin sürətlənməsinə, vaxt itkisinin minimuma endirilməsinə və şəffaflığın tam təmin olunmasına səbəb olmuşdur. Dövlət Qulluqçularının Reyestrinin aparılması üçün də proqram təminatı hazırlanmışdır ki, bu da dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsinə, dövlət qulluqçuları haqqında məlumatların toplanılması və təhlilinə, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha da şəffaflaşmasına imkan yaratmışdır. Hazırda muxtar respublikanın dövlət orqanlarında fəaliyyət göstərən 2428 dövlət qulluqçusu barədə məlumatlar reyestrə daxil edilmişdir ki, onlardan 1821-i inzibati və 550-si yardımçı vəzifə daşıyır. Dövlət qulluqçularının 23,5 faizini gənclər, 23,4 faizini isə qadınlar təşkil edir.
Həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə uyğun dövlət idarəçiliyi sisteminin qurulmasına səbəb olmuşdur. Dövlət qulluqçuları yüksək diqqət və qayğı ilə əhatə olunmuşdur. Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, muxtar respublikamızın inkişaf və tərəqqisinə öz töhfəsini verməlidir. Yaradılmış şəraitə cavab olaraq “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan edilmiş 2016-cı ildə işini günün tələbləri səviyyəsində qurmaq, muxtar respublikada dövlət qulluğu siyasətinin həyata keçirilməsində üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirmək dövlət qulluqçularının qarşısında duran əsas vəzifələrdəndir.
Dövlət qulluğu təkcə geniş səlahiyyət deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Dövlət qulluqçusu unutmamalıdır ki, o, idarəetmə və digər funksiyaları icra edərkən, ilk növbədə, dövlətin və cəmiyyətin mənafeyini əsas götürməli, ona tapşırılan hər bir vəzifəni böyük məsuliyyət və ləyaqətlə yerinə yetirməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Hər bir dövlət qulluqçusu bilməlidir ki, o, ilk növbədə, dövlətin güzgüsüdür. Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti