Kəngərli rayonunda “Bələdiyyə orqanlarında qanunvericiliyin tətbiqi ilə bağlı görülən işlər” mövzusunda tədbir keçirilib. Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov açıb.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli ədliyyə müşaviri Suliddin Əliyev məruzə ilə çıxış edib. Bildirilib ki, yerli əhəmiyyətli məsələlərin həllində artıq bələdiyyələrin konkret iş görmək təcrübələri və özlərinə inamları artıb. Ölkəmiz üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirilib. Yerli demokratiyanın inkişaf problemləri də dövlətimizin qayğısı ilə əhatə olunub və bu istiqamətdəki tədbirlər çərçivəsində mövcud normativ-hüquqi baza təkmilləşdirilib, bir sıra digər mühüm işlər həyata keçirilib.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının dairəsini müəyyən edir. Qanunun 6-cı maddəsinə əsasən, hər bir bələdiyyə qəbul etdiyi aktların bir surətini inzibati nəzarət qaydasında baxılması üçün həmin aktları qəbul etdikləri andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Bu tələbin pozulmasının nəticəsidir ki, son 3 ildə 42 bələdiyyə sədri haqqında inzibati xəta protokolu tərtib edilərək tədbir görülməsi üçün məhkəmələrə göndərilib.
Qeyd olunub ki, muxtar respublikada bələdiyyə sədrlərinin və bələdiyyə qulluqçularının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında peşə hazırlığına və ixtisasının artırılmasına cəlb olunmaları nazirlik tərəfindən mütəmadi təmin edilir. Bu məqsədlə də ötən il 20 bələdiyyə sədri, bu ilin ötən dövründə isə 15 bələdiyyə sədri və 5 bələdiyyə qulluqçusu Ədliyyə Akademiyasına göndərilib. Bu proses mütəmadi davam etdiriləcəkdir.
Tədbir iştirakçılarına “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” və “Bələdiyyələrin maliyyə hesabatlarının tərtibinə dair məsələlər toplusu” kitabları təqdim olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi