Xəbər verdiyimiz kimi, iyunun 21-də İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Əvvəlcə qonaq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Sonra səfir Naxçıvan Dövlət Universitetində olub. Burada səfirə muxtar respublikada təhsilin inkişafına göstərilən qayğı, universitetin strukturu, maddi-texniki bazası, mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, dünyanın 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitet TEMPUS proqramı çərçivəsində 5 beynəlxalq layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumıniya, İspaniya, İtaliya, Çexiya və digər ölkələrin ali məktəblərində davam etdirirlər.
Səfir Dan Stav Naxçıvan Biznes Mərkəzi ilə də tanış olub. Qonağa mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri sərgilənir. Həmçinin burada müxtəlif tədbirlər, biznes forumlar, işgüzar görüş və konfranslar keçirilir. Sərgi salonunda 97 müəssisənin 136 növdə və 916 çeşiddə məhsulu, müxtəlif sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunur.
Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə tanış olan səfirə məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. 350 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında duz oksigen havanın 20 faizini təşkil edir. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir.
İyunun 22-də İsrail səfiri Kəngərli rayonunun Böyükdüz kəndinin ərazisindəki “Naxçıvan bağları” Tərəvəz Məhsulları İstixana Kompleksinə gəlib. Məlumat verilib ki, müəssisə yaradılarkən Sahibkarlığa Kömək Fondundan 2 milyon manat kredit götürülüb, 2 milyon 150 min manat şəxsi investisiyadan istifadə edilib. Kompleksin yaradılmasının əsas məqsədi əhalini ekoloji cəhətdən sağlam tərəvəz məhsulları ilə təmin etməkdən ibarətdir. İstixana kompleksində tərəvəz bitkilərinin əkini, şitil yetişdirilməsi, turşu istehsalı, dibçək güllərinin yetişdirilməsi və satışı sahəsi var, hazır məhsulların saxlanılması üçün soyuducu anbar mövcuddur. Kompleksdə Türkiyə, İspaniya, İsrail və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılıb, məhsulların satış məntəqələrinə çatdırılması üçün soyuducu kameralı nəqliyyat vasitələri alınıb. Kompleks tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik-mühafizə, havalandırma, gübrələndirmə və suvarma sistemləri ilə təchiz edilib. Burada damcı və çiləmə suvarma üsulundan istifadə edilir.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı bildirilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Nахçıvаn şəhərində fəаliyyət göstərən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində qeyd olunub ki, müəssisədə keyfiyyətli müxtəlif meyvə şirələri, meyvə quruları, şərab, halva istehsal olunur. Burada İtaliya və Almaniya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. Naxçıvanda yetişdirilən meyvələrdən tam gigiyenik qaydada yüksəkkeyfiyyətli müxtəlif həcm və çeşidlərdə alma, ərik, şaftalı, gilənar, üzüm və qarışıq tərkibli nektarlar istehsal edilir. Həmin məhsullar “Badamlı” əmtəə nişanı ilə satışa çıxarılır. Müəssisədə istehsal olunan 4 çeşiddə kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları “Mirvari” və “Qızıl damla” adları ilə satışa çıxarılır. Cəmiyyət həmçinin 3 çeşiddə müxtəlif çəki və formalarda küncüdlü halva istehsalı ilə də məşğuldur. Əsasən, sadə, kakaolu və qarışıq növdə istehsal olunan halva yüksək keyfiyyətə malikdir. Çərəzqovurma və paketləmə sahəsində də texnoloji proseslərə ciddi əməl olunur, günəbaxan, qabaq, noxud, püstə və qarışıq çeşidli çərəzlər təmizlənib qovrularaq 90 və 200 qramlıq paketlərdə qablaşdırılır.
Bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sisteminin və ərzaq təhlükəsizliyi tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə İSO 9001 və İSO 22000 sertifikatlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılıb. Ötən ildən “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən meyvə nektarları Gürcüstan bazarına çıxarılır.
Naxçıvan Günəş Elektrik Stansiyasında səfirə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanan müqaviləyə əsasən Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Günəş elektrik stansiyası quraşdırılıb. Məqsəd muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdən ibarətdir. Muxtar respublika ərazisində günəşli saatların orta illik kəmiyyətinin 2600-2800 saat təşkil etməsi bu işlərin uğurla yerinə yetirilməsinə imkan verir. Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artırıb, ucuz elektrik enerjisi istehsalına imkan verib.
İyunun 22-də Dan Stav Batabat yaylağı, Naxçıvan Dövlət Xalça Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə də tanış olub. Naxçıvanın qədim tarixi abidələri səfirdə böyük təəssürat yaradıb.
İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavın Naxçıvan Muxtar Respublikasına səfəri bu gün başa çatır.
Rauf Əliyev