Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Azərbaycan Respublikasının Dövlət Bayrağı” mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbiri xidmətin əməkdaşı Nurlan Tağıyev açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Görüşdə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinin bələdçisi Sevinc Rəsulova çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun milli bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.
Mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng xalqın müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini ifadə edir. Yaşıl rəng İslam sivilizasiyasına, İslam dininə mənsubluğu bildirir. Dövlətimizin varlığını və fəaliyyətini təsdiq edən milli bayrağımız 1918-ci ilin 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunub. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu üçrəngli bayraq xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib.
Vurğulanıb ki, ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Dövlət başçısının sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılıb. Bu gün ölkəmizin digər guşələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi olub.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanını və Muzeyini ziyarət ediblər. Ziyarətçilərə məlumat verilib ki, Bayraq Meydanının mərkəzində inşa olunmuş bayraq dirəyinin hündürlüyü 57, burada dalğalanan üçrəngli bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında unikal quruluşa malik Bayraq Muzeyi yaradılıb. Səkkizguşəli ulduz formasında inşa olunan muzey binası eyni quruluşa malik sütunlarla əhatə olunub. Burada ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları muzeyin ekspozisiyasında yerləşdirilib.
Səbuhi Hüseynov