24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq, hər il 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndəri­miz tərəfindən həyata keçirilən hüquq islahatları dövlətçiliyimizin möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin formalaşmasına zəmin yaratmışdır. Dahi liderin 1993-cü ildə moratorium qoyduğu ölüm hökmü 1998-ci ildə tamamilə ləğv edilmiş, bununla da, Azərbaycan bütövlükdə Şərqdə bu qətiyyətli və tarixi qərarı verən ilk ölkə kimi tarixə düşmüşdür. Azərbaycan BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində beynəlxalq miqyasda təsbit olunmuş prinsipləri əsas götürdüyünü nümayiş etdirmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi ön plana çıxmışdır. Konstitusiyanın 48 maddəsinin sırf insan və vətəndaş hüquq və azadlıqlarını özündə əks etdirməsi, ilk növbədə, ölkəmizdə bu sahənin prioritet məsələ olduğunu bir daha təsdiq edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Pro­qramı”nın qəbul edilməsi isə Konstitusiyanın müddəalarından irəli gələn tələblərə, ölkəmizin qoşulduğu konvensiyalara, qəbul edilən qanunvericilik aktlarına müvafiq olaraq insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini artırmış və qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
Ötən müddət ərzində dövlət pro­qramında nəzərdə tutulmuş tədbirlər uğurlu həllini tapmış, ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənmiş, respublikamız bir sıra beynəlxalq müqavilələrə qoşulmuş, yeni məhkəmə sistemi formalaşmış, konstitusion nəzarət mexanizmi olan Konstitusiya Məhkəməsi yaradılmışdır. 2001-ci il dekabr ayının 28-də isə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmiz üçün yeni bir qurum olan Müvəkkil təsisatı yaradılmış, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmişdir.
Bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. İnsan hüquqlarının qorunmasını və bu sahədə görülən tədbirlərin genişləndirilməsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” ölkəmizdə insan hüquqlarının qorunması sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Milli Fəaliyyət Proqramının qəbulundan sonra ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət konsepsiyası təkmilləşdirilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin davamlı inkişafı təmin edilmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mühüm islahatlar həyata keçirilir. Ölkə başçısının “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada bu istiqamətdə inkişafı təmin etmişdir. Belə ki, fərmanın qəbul edilməsindən ötən dövr ərzində məhkəmə orqanlarının maddi-texniki bazası möhkəmləndirilmiş, Müvəkkil təsisatının fəaliyyəti təmin edilmiş, məhkumların hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Penitensiar Xidmətin fəaliyyəti təkmilləşdirilmiş, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsi üçün vəkillik institutunun hüquqi statusu müəyyən edilmişdir.
Hər bir ölkədə demokratik inkişafın, insan hüquq və azadlıqlarının mühüm göstəricilərindən biri də mətbuat və söz azadlığının təmin olunmasıdır. Muxtar respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti təmin edilmiş, teleradioların, qəzetlərin, nəşriyyatların maddi-texniki bazası gücləndirilmişdir. Söz, fikir, məlumat azadlığı, o cümlədən mətbuatın inkişafı ilə bağlı həyata keçirilən islahatlar, azad mətbuatın fəaliyyətinin getdikcə gücləndirilməsi insanların öz fikrini sərbəst şəkildə ifadə etmək hüququnu təmin etmişdir. Bununla yanaşı, əhalinin informasiya almaq və bunun ən çevik forması olan internetdən istifadə imkanları artırılmışdır. Artıq Naxçıvanın bütün şəhər, qəsəbə və kəndlərində sakinlər genişzolaqlı və sürətli internetdən, İP və rəqəmsal televiziya yayımından, bütün növ rabitə və digər elektron xidmətlərdən istifadə edirlər.
Naxçıvan Muxtar Respublikasında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində də mühüm işlər görülür. Belə ki, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, təhsil alması və cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır. Son illər məhdud fiziki imkanlıların və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər davam etdirilmiş, muxtar respublikada Naxçıvan Əlillərin Bərpa Mərkəzi, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi istifadəyə verilmişdir. 2014-cü ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi sağlamlıq imkanları məhdud uşaqların inklüziv və məsafədən təhsilinə geniş imkanlar yaratmış, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilməyən, həmçinin əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verməyən uşaqların təhsil hüququ təmin edilmişdir. Bu qəbildən olan uşaqların cəmiyyətə və təhsilə inteqrasiyasını möhkəmləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikasında qadın hüquqlarının müdafiəsi də daim diqqət mərkəzində saxlanılır. Bu gün muxtar respublikada qadınlarla bağlı iş dövlət siyasətinin bütün sahələrində öz əksini tapır, qadınlar ən yüksək diqqət və qayğı ilə əhatə olunurlar. Muxtar respublikada xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşadan qadınlara daim diqqət göstərilir. Gənc qızların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün xalçaçı, keçəçi, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur. Ötən dövr ərzində qadınların əl işlərindən ibarət sərgilərin keçirilməsi də onların istedad və bacarıqlarının üzə çıxarılması, o cümlədən əmək hüquqlarının həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və işlə təminatı məqsədilə hər il muxtar respublikanın şəhər və rayonlarında əmək yarmarkaları keçirilir, Naxçıvan Regional Peşə Tədris Mərkəzində müxtəlif peşə hazırlıq kursları təşkil edilir.
Muxtar respublikada məhkumların da hüquq və azadlıqlarının təmin olunması, saxlanma şəraitinin və gündəlik təminatının yaxşılaşdırılması, peşə vərdişlərinə yiyələnməsi üzrə ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan məhkumların islah olunmasında əməyin böyük rolu vardır. Çünki peşə vərdişinə yiyələnmə məhkumun gələcəkdə cəmiyyətə uyğunlaşmasında mühüm rol oynayır. Bu sahədə görülən işlərin davamı olaraq 2016-cı il fevralın 24-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində yeni yaradıcılıq və istehsalat binası istifadəyə verilmişdir.

Muxtar respublikada Konstitusiyamızda təsbit edilmiş insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılacaq, bu sahədə səmərəli hüquqi mexanizmlərin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Aparatının mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR