22 Dekabr 2024, Bazar

Mayın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnirin açılış mərasimi keçirilib.

Açılış mərasimindən öncə turnir iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsinin və idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib. Bildirilib ki, Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkə başçısı tərəfindən ulu öndərin siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Yaradılan müasir idman infrastrukturu respublikamızda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsinə imkan verir.
Bildirilib ki, futbola dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, futbolun elmi-metodiki və normativ-hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə 2005-ci il oktyabrın 10-da ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Pro­qramı” təsdiq edilib. Dövlətimizin gənclərə və idmana göstərdiyi diqqət nəticəsində muxtar respublikada yeni idman qurğuları tikilərək gənclərimizin istifadəsinə verilib. Bu gün muxtar respublikada 9 stadion və 20 mini-futbol meydançası futbolçuların istifadəsindədir.
Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev turnir iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək deyib ki, idman həm ölkənin şöhrətini ucaldan, həm də insanların sağlamlığına xidmət edən bir sahədir. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində respublikamız mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Bildirilib ki, bu gün muxtar respublikada bütün idman növləri kimi, futbolun da inkişafı diqqət mərkəzində saxlanılır və bu istiqamətdə uğurlu nailiyyətlər əldə olunur. Belə ki, 12 illik fasilədən sonra böyük futbola qayıdan “Araz-Naxçıvan” komandası elə ilk mövsümdən I Divizion tarixində ən çox xal toplamaqla çempionatın qızıl medalını qazanıb. “Araz-Naxçıvan” komandasının Naxçıvan Muxtar Respublika çempionatında iştirak etdiyini və ardıcıl ikinci dəfədir ki, çempionatın qalibi olduğunu bildirən Azad Cabbarov turnir iştirakçılarına uğurlar arzulayıb.
Açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası kollektivinin ifasında konsert pro­qramı olub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra turnirin ilk oyununun start fiti verilib.
İlk oyunda meydana “Araz-Naxçıvan” və “Neftçala” komandaları çıxıb. Görüş Neftçala təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər görüşdə isə “Şərurspor” və MOİK komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı heç-heçə (2:2) başa çatdığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən MOİK futbolçuları finala yüksəliblər.
Qeyd edək ki, olimpiya sistemi üzrə keçirilən turnirin final görüşündə “Neftçala” və MOİK komandaları qarşılaşacaq. May ayının 27-də keçiriləcək görüş saat 1730-da başlayacaq. Üçüncü yer uğrunda görüşdə isə “Araz-Naxçıvan”la “Şərurspor” üz-üzə gələcək. Oyun may ayının 27-də saat 1430-da Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR