Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə turnir keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Peşəkar Futbol Liqası və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə keçirəcəyi turnir Azərbaycanda ilk dəfə olaraq təşkil edilir. May ayının 25-dən 27-nə kimi davam edəcək turnirdə 4 komanda mübarizə aparacaq. Belə ki, geridə qoyulan mövsüm Azərbaycan Birinci Divizionunun qalibi “Neftçala”, həmçinin bu liqada çıxış edən MOİK, “Şərurspor” və Naxçıvanın “Araz-Naxçıvan” komandaları turnirdə birincilik uğrunda meydana çıxacaqlar. Turnirə Naxçıvan Muxtar Respublika Stadionu ev sahibliyi edəcək.
Dünən “Heydər Əliyev kuboku” uğrunda turnirin püşkatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında təşkil edilən püşkatmanın nəticəsinə əsasən, görüşlər olimpiya sistemi üzrə keçiriləcək. Bu gün saat 1400-da turnirin açılış mərasimi olacaq və turnirin ilk oyunu saat 1500-da başlayacaq. İkinci görüş isə saat 1800-da oynanılacaq. Bu görüşlərdən qalib ayrılan komandalar finalda, məğlub olanlar isə üçüncü yer uğrunda görüş üçün meydana çıxacaqlar. Üçüncü yer uğrunda görüş mayın 27-də saat 1430-da, final görüşü isə saat 1730-da başlayacaq. Görüşlərdən sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Qeyd edək ki, keçiriləcək görüşləri Peşəkar Futbol Liqası tərəfindən təyin edilmiş hakimlər briqadası idarə edəcək.
Ceyhun Məmmədov