22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən veteran ağır atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatı davam edir. Qitə birinciliyində iştirak edən veteran idmançılarla söhbətləşdik.
Bill Barton (Avropa Veteran Ağır Atletlər Komitəsinin prezidenti): – Yenə Naxçıvanda olmaq, burada tanış simaları görmək, onların əlini sıxmaq bizi qürurlandırır. İlk olaraq mən Avropa çempionatının bu gözəl diyarda keçirilməsində bizə köməklik göstərən və təklifimizi müsbət dəyərləndirən muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm. Artıq üçüncü dəfədir ki, Naxçıvana gəlirəm. Qitə çempionatının Naxçıvanda keçirilməsinin əsas səbəblərindən biri yaradılan şəraitdir. İdmançıların rahatlığı, onların məşq etmələri, yarışlara hazırlaşması, otellərə kimi avtomobillə aparılması, qısa olaraq, onların əziyyət çəkməməyi üçün hər bir şərait yaradılıb. Naxçıvanda təşkil olunan yarışlarda çıxış edən idmançılar hər zaman bu şəhərdən razı qalıblar. İndi bizim, həmçinin keçirilən Avropa çempionatı iştirakçılarının elə bir yaş dövrüdür ki, onlar qayğı ilə əhatə olunmalıdırlar. Və bunu da gördük. Naxçıvan bizi böyük qonaqpərvərliklə qarşıladı və gələn idmançıları öz həmvətənlərindən ayırmadı.

Bruno Savoldelli (Fransa): – Artıq ikinci dəfədir ki, Naxçıvanda oluram. Çox gözəl və səliqəli şəhəriniz var. Şəhərin hər bir yerini gəzməyə çalışıram. Keçirilən yarışdan sonra gün ərzində daha çox tarixi yerləri və qədim küçələri gəzmək mənə zövq verir. Təbii ki, müasir tikililəri də unutmaq olmaz. Müasir binalar arxitektura baxımından çox mükəmməl dizaynla tikiliblər. Ən çox xoşuma gələn binaların səliqəli şəkildə yola yaxın olmasıdır. Mənə bura vətənimi xatırladır və darıxmıram. Eşidəndə ki, yenə Naxçıvana gedirik, bundan imtina etmədim və təklifi tez qəbul etdim. Yarışın təşkilatçılığına gəlincə, hər şey qaydasındadır. İstər idmançıları qarşılamaq, yerləşdirmək, istərsə də bizimlə rəftar mənə çox xoş təsir bağışladı. Burda daha çox dostluq münasibəti gördüm. Xüsusilə kürsüyə çıxanda tamaşaçıların alqışları məni daha da ruhlandırdı. Artıq medal qazananlar siyahısındayam.
Yan Hinriksen (İsveç): – Naxçıvana gələrkən buranın necə şəhər olduğunu çox yaxşı bilirdim. Ancaq gördüklərim məni daha da təəccübləndirdi. Təsəvvür edin, yolla gedirsiz və bir avtomobilin belə, siqnal səsini eşitmirsiniz. Bilirsiniz bu, nə deməkdir? Bu, bir xalqın, bir şəhərin sakinlərinin necə mədəni olduğunu göstərir. Bizim yaşda olan insanlar, adətən, sakit təbiəti sevir və səs-küydən uzaq olmağa çalışır. Avropa çempionatının Naxçıvanda təşkili bu baxımdan təşkilatçıların ən uğurlu seçimidir.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR