Mayın 22-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində veteran ağır atletlər arasında 26-cı kişilər və 24-cü qadınlar Avropa çempionatının açılış mərasimi olub. 21 ölkədən 200-yə yaxın atletin iştirak etdiyi yarışın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, artıq ikinci dəfədir, veteranlar arasında beynəlxalq turnir məhz burada keçirilir. Naxçıvan iki il əvvəl Dünya Kubokuna ev sahibliyi edib.
Qeyd olunub ki, Azərbaycanda hər il 50-dən artıq dünya və Avropa səviyyəli beynəlxalq yarış keçirilir. Bunların bir hissəsinin ölkənin regionlarında baş tutması sevindiricidir. Bu, regionlarda idmanın kütləviliyinin artması, idmançılar arasında sağlam rəqabət yaradılması baxımından böyük əhəmiyyət daşıyır. Uzun illərdir, ölkəmiz beynəlxalq arenalarda tanınır, nüfuzunu artırır. Elə yalnız 2015-ci ildə Azərbaycan idmançıları müxtəlif turnirlərdə 823 medal qazanıblar.
Vurğulanıb ki, Naxçıvanda keçirilən ağır atletika yarışında iştirak edən idmançılar öz təcrübələrini gənc nəsillə bölüşə biləcək, iradə və əzmkarlıqlarını nümayiş etdirəcəklər.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında diqqətə çatdırıb ki, ölkəmizdə inkişaf etdirilən sahələrdən biri də idman sahəsidir. Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, gənc idmançılar nəslinin yetişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Naxçıvan artıq beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Burada yaradılan şərait gənclərin asudə vaxtının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə səbəb olub. Hazırda Naxçıvanda 39 min nəfərə yaxın yeniyetmə və gənc idmanla məşğul olur. Muxtar respublika idmançıları təkcə 2015-ci il ərzində Azərbaycan birinciliklərində 30, dünya birinciliklərində 8, digər beynəlxalq yarışlarda 12 medal qazanıblar.
Azad Cabbarov qeyd edib ki, bütün idman növləri kimi, ağır atletika növü üzrə də muxtar respublikada bir sıra nailiyyətlər əldə edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi nəzdində ağır atletika bölməsinin yetirməsi 2015-ci ildə Azərbaycan çempionatının qalibi olub, 2016-cı ildə İsveçdə yeniyetmələrin Avropa çempionatında iştirak edib, Konyada keçirilən beynəlxalq turnirdə 2-ci yerə layiq görülüb.
Bildirilib ki, 2014-cü ilin iyul ayında İlham Əliyev adına Olimpiya-İdman Kompleksində veteran ağır atletlər arasında Dünya Kuboku keçirilib. Bu yarışda 200-dən artıq usta atlet öz təcrübəsini gənclərlə bölüşüb, idman vərdişlərinin hələ də itmədiyini sübut edib. Eyni zamanda müxtəlif ölkələrdən gəlmiş idmançılar doğma Naxçıvanımızla tanış olmaq, şəhərimizi gəzmək imkanı qazanıblar. Bu kimi yarışların keçirilməsi muxtar respublikada gənclərin idmana olan marağının artmasına, idmana cəlbin kütləvi hal almasına və ən əsası uğurlu nəticələr əldə edilməsinə gətirib çıxarır.
Açılış mərasimində Avropa Veteran Ağır Atletlər Komitəsinin prezidenti Bill Barton çıxış edərək bildirib ki, artıq üçüncü dəfədir, Naxçıvana gəlir. Hələ iki il əvvəl buraya Dünya Kubokunun təşkili zamanı gəlib. Sonra Bakıda keçirilən Avropa Oyunları zamanı yenidən bura gəlmək şansı əldə edib. İndi isə yenə Naxçıvandadır. Bu regiondan çox razı qaldığını deyən Bill Barton böyük qonaqpərvərlik, səmimi münasibət üçün minnətdarlığını bildirib.
Sonra Avropa çempionatı açıq elan edilib.
Açılış məraisminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası kollektivinin rəngarəng çıxışları olub.
May ayının 21-də start verilən Avropa çempionatının ilk günündə naxçıvanlı tamaşaçılar 6 çəki dərəcəsində 80-84 yaşlı atletlərin çıxışını izləyiblər. Bu yaş qrupunda israilli Teddi Kaplan öz çəki və yaş qrupunda təkanla qaldırmada Avropa və dünya rekordunu yeniləyib. Yarışın ikinci günü qadınların mübarizəsinə həsr olunub. İlk olaraq 70-65-60-55 yaş qrupu, yəni yaşı 55-dən yuxarı olanlar körpücük üzərinə qalxıblar. Qızıl medallar müxtəlif çəkilərdə müvafiq olaraq Almaniya, İrlandiya, Böyük Britaniya, Danimarka və Finlandiya idmançılarına qismət olub. Qadınların 50-45 və 40-35 yaş qrupu, yəni yaşı 45-54 və 35-44 arası olan qrupunda 3 idmançımız yarışıb. Onlardan Şahverdi Xatirə və Səbinə Rzayeva qızıl, Təranə Abbasova isə gümüş medal qazanıblar.
Dünən yaşı 70-74 arası olan kişilər körpücük üzərinə çıxıblar. 69 kiloqram çəki dərəcəsində türkiyəli Doğan Bilal fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər qızıl medalları Polşa, Belarus və Almaniya idmançıları qazanıblar.
Qeyd edək ki, yarış barədə bütün nəticələr xüsusi olaraq istifadəyə verilmiş nakhchivan2016.com saytında da öz əksini tapır.
Ceyhun Məmmədov