22 Dekabr 2024, Bazar

Naxçıvan mötəbər bir şahmat bayramına – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edib. Festivala gəlmiş hakimlərin və iştirakçıların maraqlı fikirlərini oxucularımızla bölüşürük. İlk olaraq şahmatçılarla həmsöhbət olduq.

İqor Xenkin ( Almaniya): – Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan bu festivalda iştirak etdiyim üçün böyük qürur hissi keçirirəm. Naxçıvanı hər zaman xoş xatirələrlə yada salacağam. İnanıram ki, digər şahmatçılarda da bu diyar haqda zəngin təəssürat yaranıb. Mən özüm rusiyalı olsam da, uzun müddətdir ki, Almaniyanın Frankfurt şəhərində yaşayıram, bu ölkənin vətəndaşlığını qəbul etmişəm. Alman şəhərləri ilə Naxçıvan şəhərinin bir sıra oxşar cəhətləri var. Almaniyada olduğu kimi, burada da insanlar şəhərin təmizliyinə, səliqə-sahman yaradılmasına diqqət göstərirlər. Hər yerdə ciddi nizam-intizam hökm sürür, yarışlar, necə deyərlər, əsl alman dəqiqliyi ilə keçirilir. Bu şəhəri alman şəhərlərindən fərqləndirən cəhət isə insanların qonaqpərvərliyi, istiqanlılığıdır. Yarışları izləməyə gələn yerli sakinlər bizimlə yaxından maraqlanır, ünsiyyət qurur, Naxçıvanın maraqlı məkanlarına gedib-getmədiyimizi soruşurlar. Bir sözlə, Naxçıvan və naxçıvanlılar haqda ancaq yaxşı sözlər demək olar.

Omid Noroozi (İran): – Naxçıvanda şahmatçılar üçün yaxşı şərait yaradılıb və asudə vaxtımız da səmərəli təşkil edilib. Naxçıvan bir şahmatçı üçün ideal məkandır. Bizə yaradılan şəraitə görə şahmatçı yoldaşlarım adından minnətdarlığımı bildirirəm. Naxçıvan şəhərinə gəldikdə isə deyə bilərəm ki, şəhəriniz çox gözəl, cəlbedici və müasirdir. Sakitlik, əmin-amanlıqdır. Bu, inkişafın göstəricisidir. Mən elə hiss edirəm ki, hansısa inkişaf etmiş Avropa şəhərindəyəm. Bu diyara birinci dəfədir, gəlirəm. Onu da deyim ki, Naxçıvanda şahmata böyük maraq var. Festival yüksək səviyyədə keçirildi. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrindən buraya öz gücünü sınamağa gəlmiş şahmatçı yoldaşlarım razılıq edirlər. Festivala dəvət alanda çox sevindim. Ona görə sevindim ki, yeni dostlar qazanmaq, Naxçıvanı tanımaq imkanı əldə edəcəkdim. Muxtar respublika bu festivalla dünyanın müxtəlif ölkə­lərindən gələn insanları bir araya toplayıb. Bu, məncə, böyük nailiyyətdir. Bir də ona görə məmnunam ki, Naxçıvan bizi qonaqpərvərliklə qarşıladı.

Naxçıvanlı şahmatçılarda qələbə əzmi böyükdür

“Bu gün muxtar respublikada şahmatın inkişafına diqqət və qayğı var. Bu idman növünə həvəs göstərən bir nəsil yetişməkdədir. Hər il təcrübəli məşqçilərin muxtar respublikaya dəvət olunması elə bu qayğıdan xəbər verir. Şahmatçıların oyun yaradıcılığı, qələbə əzmi yüksək səviyyədədir. Onu da deyim ki, muxtar respublika blokadada olmasına baxmayaraq, naxçıvanlı şahmatçıların kənarda keçirilən yarışlarda da iştirakları təmin olunur. Bu şahmatçılarda qələbə qazanmaq üçün böyük istək var”. Bu sözləri beynəlxalq dərəcəli hakim, yarışın hakimi Namiq İsmayılov qəzetimizə müsahibəsində bildirib.
“Şahmat elə bir idman növüdür ki, ona göstərilən diqqət bir neçə ildən sonra bəhrələrini verməyə başlayır. Bu, dünya təcrübəsində təsdiq olunan fikirdir. Növbəti festivalda da naxçıvanlı şahmatçıların yaxşı oyun nümayiş etdirdiklərinin şahidi oldum. Burada olarkən onu da öyrəndim ki, indi məktəbli uşaqlar sərbəst oyun şəraitində keçilən dərslərdə həvəslə iştirak edirlər. Bu uşaqlar şahmatla ilk dəfə elə orta məktəbdə tanış olur və yaxşı nəticələr göstərirlər”, – deyən Namiq İsmayılov onu da qeyd edib ki, bu dərslər uşaqların məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsindən başqa, daha qabiliyyətliləri 8-9 yaşında müəyyən etməyə imkan verir. Sonra onların məşqlərini ixtisaslaşdırılmış dərnək və məktəblərdə davam edə bilmək imkanları olur. Muxtar respublikada orta məktəblərdə şahmat dərslərini təşkil etmək təşəbbüsünü alqışlayıram. Məncə, bütün valideynlər də belə düşünürlər. Şahmat aydın məqsədi, intizamlı və sistemli düşünmə qabiliyyəti olan insanlar yetişdirir.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR