Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 1999-2000-ci illər təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb. 8 komandanın mübarizə apardığı birincilik Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.
Reqlamentə əsasən, birincilik iştirakçıları “A” və “B” qruplarında ilk pillə uğrunda meydana çıxıblar. “A” qrupunda “Naxçıvan”, “Babək”, “Sədərək”, “Şahbuz”, “B” qrupunda isə “Ordubad”, “Culfa”, “Şərur” və “Kəngərli” komandaları yer alıblar. Üç gün davam edən birincilikdə qrup mərhələsini ilk pillədə başa vuran “Naxçıvan” və “Ordubad” komandaları finalda, qruplarda ikinci olan “Babək” və “Culfa” isə üçüncülük oyununda meydana çıxıblar. Üçüncülük matçında Babək basketbolçuları culfalı rəqiblərini üstələyərək birinciliyin üçüncüsü olublar. Həlledici qarşılaşma da maraqlı olub. “Naxçıvan” komandası ilə görüşdə hesabda öndə olmasına baxmayaraq, “Ordubad” komandası bu üstünlüyünü sonadək qoruya bilməyib və meydanı məğlub tərk edib. 42:29 hesablı qələbə “Naxçıvan” komandasına “Heydər Əliyev kuboku”nu qazandırıb.
Sonda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Məmməd Qəribov və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.
Ceyhun Məmmədov