Naxçıvan Atıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda peyntbol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Ali və orta ixtisas təhsili müəssisələri komandalarının mübarizə apardığı turnir 2 gün davam edib.
Turnirin mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov bildirib ki, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilən idman siyasətinin təməlində ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahəyə göstərdiyi qayğı dayanır. Bu gün Azərbaycanda idman siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da gənclərin intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvər ruhda tərbiyə olunması daim diqqətdə saxlanılır, muxtar respublikanın şəhər və rayonlarında idman obyektləri tikilib onların ixtiyarına verilir. Hazırda Naxçıvanda bu sahənin inkişafı üçün hər bir şərait yaradılıb və gənclərin idmana cəlbi yönündə məqsədyönlü tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi “Heydər Əliyev kuboku” uğrunda peyntbol üzrə turnirdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb, Musiqi və Naxçıvan Dövlət Texniki kolleclərinin, Heydər Əliyev adına Hərbi Liseyin 2 oğlan və 1 qız komandaları olmaqla, ümumilikdə, 18 komandası mübarizə aparıb.
Yekun nəticəyə əsasən, oğlanların mübarizəsində Naxçıvan Dövlət Universitetinin komandası turnirin qalibi adını qazanıb. Digər iki pillədə isə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Tibb Kollecinin komandaları qərarlaşıblar.
Qızların mübarizəsində də Naxçıvan Dövlət Universitetinin komandası hamıdan güclü olub.
Sonda qaliblər mükafatlandırılıb.
Ceyhun Məmmədov