Mayın 18-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib. Qeyd olunub ki, muxtar respublikada mötəbər yarışların keçirilməsi artıq ənənə halını alıb. Dünyanın müxtəlif ölkələrindən şahmatçıların Naxçıvanda keçirilən bu festivalda iştirak etməyə böyük maraq göstərməsi bir daha onu sübut edir ki, yarışlara maraq ilbəil artır. Naxçıvanlı şahmatçıların ilbəil daha yüksək nəticələr göstərməsi muxtar respublikada şahmat idman növünün inkişafından, uşaq və yeniyetmələr, gənclər arasında bu idmanın kütləviliyinin təmin olunmasından xəbər verir.
Əvvəlcə yarışda yaxşı nəticələr göstərmiş ən kiçikyaşlı şahmatçılar, veteran şahmatçılar, müxtəlif yaş qruplarında fərqlənmiş qız və oğlan şahmatçılar mükafatlandırılıblar.
“C” qrupunda I yeri Sumqayıt şahmatçısı Fərid Orucov tutub. II yerə Bakı şahmatçısı Kənan Qasımov, III yerə onun həmyerlisi İsmayıl Qurbanov layiq görülüb. IV yerin qalibi Naxçıvan şahmatçısı Sadiq Qarayev olub. Bu qrupda birinci yerin sahibinə mükafatı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov təqdim edib.
“B” qrupunda isə I yerə 8 xalla Naxçıvan şahmatçısı Vüsal Abbasov çıxıb. II yerə Sumqayıt şahmatçısı Murad İbrahimli, III yerə isə Biləsuvar şahmatçısı Xəzər Babazadə layiq görülüb. I yeri tutan Vüsal Abbasova mükafat Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov tərəfindən təqdim olunub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şahmat festivalının “A” qrupunun qalibi, azərbaycanlı qrossmeyster Eltac Səfərli olub. Festivalda II yerə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov, III yerə isə ukraynalı şahmatçı Yuriy Kuzubov layiq görülüb. Ümumilikdə, “A” qrupunda 25 zəka sahibi mükafatlandırılıb. Beynəlxalq festivalın qalibi Eltac Səfərliyə kubok və mükafatı Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov təqdim edib.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş şahmat festivallarının keçirilməsinin artıq ənənə halını aldığını bildirən federasiyanın sədri Vüqar Səfərov deyib ki, ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə idmanın, eləcə də şahmat idman növünün inkişafına böyük diqqət göstərib.
Qeyd edilib ki, hazırda bu iş ulu öndərimizin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq bir neçə ildir, keçirilən şahmat festivalları dünyanın müxtəlif ölkələrindən gəlmiş şahmatçılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə, şahmatçıların böyük yarış təcrübəsi əldə etməsinə şərait yaradıb.
Vüqar Səfərov maraqlı və çətin mübarizə şəraitində keçən şahmat yarışının iştirakçılarını və qaliblərini təbrik edərək zəka sahiblərinin növbəti illərdə də Naxçıvanda keçiriləcək şahmat yarışlarına qatılacaqlarına əminliyini ifadə edib.
Bununla da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalı başa çatıb.
Xəbərlər şöbəsi