22 Dekabr 2024, Bazar

Şərur Rayon Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında turnir uğurla başa çatıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti federasiyalarının birgə təşkilatçılığı ilə keçirilən turnirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Şərur Rayon Olimpiya-İdman Kompleksində kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ölkə turnirinin açılış mərasimində çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə, Azərbaycan artıq regionda və dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Ölkə­miz müxtəlif idman növləri üzrə respublika, qitə və beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif yarışlar, idman tədbirləri keçirilir. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünya ölkələri arasında böyük nüfuz qazanmasından xəbər verir.

“Sürətlə inkişaf edən, gündən-günə daha da gözəlləşən Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə xüsusi qayğı və diqqət göstərilir. Muxtar respublikada mövcud olan ən müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında turnirin Şərur Rayon Olimpiya-İdman Kompleksində keçirilməsi də muxtar respublikanın idman məkanı kimi böyük şöhrət qazanması ilə əlaqədardır”, – deyən Adil Əliyev diqqətə çatdırıb ki, Naxçıvan bu gün həm də idmanın inkişafı baxımından Azərbaycanın digər bölgələrinə nümunədir.
Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında idmanın daim böyük diqqət və qayğı ilə əhatə olunduğunu deyən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Bütün bunlar idmançıların təcrübə qazanması və peşəkar idmançı kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, yaradılan şərait gənc­lərin asudə vaxtının səmərəli təşkilinə və onların idman federasiyalarına cəlbinə səbəb olub. Bu gün gənc idmançılara qayğı göstərilir, onların adı Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na salınır.
“Muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 39 min nəfərə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Muxtar respublika idmançıları təkcə 2015-ci il ərzində Azərbaycan üzrə birinciliklərdə 30, dünya birinciliyində 8, beynəlxalq turnirlərdə 12 medal qazanıblar”, – deyən Azad Cabbar­ov bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin tərkib hissəsi kimi bu gün Naxçıvan Muxtar Respublikasında artıq gənc idmançılar nəsli yetişib, idman ustaları formalaşıb. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar.
Gənclər və idman naziri deyib ki, müasir idman infrastrukturunun formalaşdırılması qədim diyarda çoxsaylı beynəlxalq yarışların keçirilməsinə şərait yaradıb. Hazırda muxtar respublikada 2 Olimpiya-İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, 1 Şahmat Mərkəzi, 6 Uşaq-gənclər şahmat məktəbi, 9 Uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, eləcə də stadionlar, idman zalları və sadə idman qurğuları, 12 idman federasiyası fəaliyyət göstərir.
Azad Cabbarov bildirib ki, bütün idman növləri kimi, kikboksinq idman növü üzrə də muxtar respublika idmançıları bu ilin birinci rübü ərzində bir sıra nailiyyətlər əldə ediblər. Belə ki, Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələri kikboksinq idman növü üzrə Azərbaycan çempionatlarında 9, Avropa çempionatında isə 1 medal qazanıblar.
Kikboksinq idman növünün inkişafında göstərdikləri xidmətlərə görə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova, Azərbaycan Kikboksinq Federasiyasının üzvləri Elnur Alıyevə və Xəyyam Abışova fəxri diplomlar verilib.
Sonra kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında turnirə start verilib.
Rinqə çıxan 14 idmançı 7 çəki dərəcəsində WAKO versiyası üzrə mübarizə aparıb. Onların arasında ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar da var idi.
Turnirdə “Quba”, “Qızıl əlcək” idman klublarının və Azərbaycan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirmələri Rəvan Şəbiyev (57 kiloqram), Ruslan Musayev (63,5 kiloqram), Ruslan Əliyev (63,5 kiloqram), Rəhim Əliyev (71 kiloqram) Elnur Həmidov (81 kiloqram) rəqiblərini məğlub edərək reytinq döyüşlərinin qalibi olublar.
“Azərbaycan kəməri” uğrunda gərgin keçən döyüşlərdə isə “Ağsu” idman klubunun yetirməsi Elşad Ələsgərov (54 kiloqram) ilə Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin üzvü Emil Mövsüm­ov (75 kiloqram) rəqiblərini məğlub edərək zəfər qazanıblar.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR