Azərbaycan Respublikasının gömrük orqanları arasında təşkil olunan futzal turnirinə yekun vurulub.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 24-cü ildönümünə həsr edilən yarışın qalibi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası olub. Artıq ənənə halını almış turnirdə dəfələrlə çempion olan “Naxçıvan” komandası növbəti uğurunu Bakı Baş Gömrük İdarəsinin komandası (“BBGİ”) üzərində əldə edib.
Bakı şəhərində keçirilən turnirin final oyununda böyükhesablı qələbənin əsası elə matçın ilk dəqiqələrində qoyulub. Futzalçılarımız ilk hissəni 3:1 hesabı ilə öndə bitiriblər. İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Fasilədən sonra rəqib qapısına beş dəfə yol tapan komandamız oyun ərzində Orxan Məmmədovun 5, İlqar İsmayılovun 3 qol vurması ilə həlledici oyunda 8:1 hesablı qələbə qazanıb.
Final oyunundan əvvəl keçirilmiş üçüncülük uğrunda qarşılaşmada isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandası (“HNBGİ”) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandasını məğlubiyyətə uğradıb.
Sonra ilk üç yeri tutan komandaların və turnirdə fərqlənənlərin mükafatlandırılması mərasimi olub. Komandamızın qapıçısı Rahil Tahirli turnirin “Ən yaxşı qapıçı”sı seçilib.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti