Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Paralimpiya Federasiyasının təşkil etdiyi Paralimpiya İdman Festivalı İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.
Mayın 12-də tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Sonra festival iştirakçıları Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olaraq onlar haqda ətraflı məlumat alıblar.
Mayın 13-də keçirilən festivalın bədii hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dünya şöhrətli cüdoçu İlham Zəkiyevin dalğalandırdığı bayraq altında paralimpiyaçılar zala daxil olublar. Paralimpiyaçılarımızın dünya miqyasında uğurlarından bəhs edən videoçarx nümayiş etdirilib, muxtar respublika Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii gimnastika bölməsinin balaca gimnastlarının nümunəvi çıxışları olub.
Tədbirin aparıcıları ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında idmanın inkişafından və qazanılan uğurlardan danışıblar.
Festivalın açılış mərasimində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Cavid Səfərov çıxış edərək bildirib ki, məhdud fiziki imkanlı şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında Paralimpiya Federasiyası yaradılıb. Federasiya məhdud fiziki imkanlı şəxslərin idmana daha fəal inteqrasiyasını, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından səmərəli istifadələri üçün zəruri şəraitin yaradılmasını, müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayıb. 2006-2015-ci illər ərzində muxtar respublikada Paralimpiya Federasiyasının təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda yüzlərlə məhdud fiziki imkanlı idmançı öz bacarıq və qabiliyyətini sınayıb. İdmançılara yaradılan hərtərəfli şərait, onlara göstərilən dövlət qayğısı paralimpiyaçılarımızın beynəlxalq yarışlarda uğurlarını artırır. Cavid Səfərov 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq Naxçıvanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Paralimpiya İdman Festivalının keçirildiyini xatırladaraq növbəti festivalın iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsi İdarə Heyətinin sədri Natiq Qasımov çıxışında bildirib ki, 20 illik tarixə malik Azərbaycan paralimpiya hərəkatının yaranması ulu öndərimizin adı ilə bağlıdır. Ümummilli liderimizin, ümumilikdə, idmana verdiyi dəyər, göstərdiyi diqqət və qayğı Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizin adı dünyanın aparıcı idman ölkələrinin sırasında çəkilir. Dünyada ilk uşaq paralimpiya hərəkatının Azərbaycanda yaradılması bu sahədə atılan ən böyük addımlardan biridir.
Natiq Qasımov qeyd edib ki, Milli Paralimpiya Komitəsi bu hərəkatın respublikanın bütün regionlarında inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Bugünkü tədbirin də əsas məqsədi paralimpiya hərəkatına yüksək dəyər verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etmək və paralimpiya dəyərlərini təbliğ etməkdir. Azərbaycan paralimpiya hərəkatının inkişafında Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının da xüsusi çəkisi vardır. Yarandığı dövrdən federasiya öz ətrafında yüzlərlə idmançını birləşdirib, idman növlərinin və bu növlərdə idmançı sayının artırılmasına nail olub. Məhz bunun nəticəsidir ki, mötəbər beynəlxalq yarışların, o cümlədən paralimpiya oyunlarının mükafatçıları arasında muxtar respublika Paralimpiya Federasiyasının idmançıları da vardır. Bununla yanaşı, muxtar respublikada qeyri-paralimpiya növlərinin inkişafına da xüsusi diqqət yetirilir ki, bu da fiziki məhdudiyyətli insanların kütləvi şəkildə idmana cəlb olunmasına geniş şərait yaradır. Beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Regionlardan ilk olaraq Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası ilə birlikdə Naxçıvanda Uşaq Paralimpiya Klubunun yaradılması sahəsində ilkin hazırlıq işlərinə başlanılıb. Bu klubun yaradılması muxtar respublikada ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmalarına güclü təkan verəcək.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında yarış iştirakçılarına uğurlar arzulayaraq qeyd edib ki, ölkəmizdə inkişaf etdirilən sahələrdən biri olan idmana böyük diqqət və qayğı göstərilir. Sirr deyil ki, sovet dövründə Azərbaycan elə bir idman nailiyyəti, idman infrastrukturu ilə öyünə bilməzdi. Keçmiş imperiya dağıldıqdan sonra olub-qalan idman qurğuları da başlı-başına buraxılmış, yararsız vəziyyətə düşmüşdü. Qarşıda müasir tələblərə cavab verən yeni infrastruktur yaratmaq, idmanın maddi-texniki bazasını möhkəmlətmək, ölkəni beynəlxalq aləmdə layiqincə təmsil edə biləcək idmançılar yetişdirmək, bədən tərbiyəsinin kütləviliyinə nail olmaq kimi çətin vəzifələr dururdu. İllər keçdikcə bu məqsədə çatmaq üçün uğurlu addımlar atıldı, nəticədə, Azərbaycan dünyada idman ölkəsi kimi tanındı, idmançılarımızın beynəlxalq turnirlərdə qazandıqları möhtəşəm qələbələr dünya idman tarixinə yazıldı. Bu gün əminliklə demək olar ki, Azərbaycanda idman və bədən tərbiyəsinin kütləviləşdirilməsi işi təmin edilib. Ölkəmizdə müasir idman infrastrukturunun yaradılması, yeni idman avadanlıqlarının istifadəyə verilməsi uşaqlarda, yeniyetmələrdə, gənclərdə idmana olan marağın artmasına səbəb olub. Bu istiqamətdə aparılan işlər muxtar respublikada da uğurla həyata keçirilib, idman infrastrukturu yeniləşdirilib. Son illərdə bütün idman növləri kimi, paralimpiya idman növləri üzrə də idman yarışlarının keçirilməsi, idmançıların beynəlxalq və digər yarışlarda iştirakının təmin olunması diqqətdə saxlanılan məsələlərdəndir.
İkiqat paralimpiya çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu, Avropa oyunları çempionu, Heydər Əliyev Fondunun “Qızıl Çinar” mükafatçısı, “Şöhrət” ordenli İlham Zəkiyev olimpiya oyunlarında və digər mötəbər yarışlarda qələbə qazanıb ölkəmizin bayrağını yüksəklərə qaldıran, himnimizi səsləndirən idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra futzal, ağırlıqqaldırma, yüngül atletika, qolbol, boccia paralimpiya idman növləri üzrə yarışlar keçirilib. Yarışların sonunda qaliblərə kubok, diplom və mükafatlar təqdim olunub.
Qeyd edək ki, festivalda Milli Paralimpiya Komitəsinin, İran İslam Respublikasının və muxtar respublika Paralimpiya Federasiyasının, ümumilikdə, 106 nəfər məşqçi və idmançısı iştirak edib.
Səbuhi Hüseynov