“Naxçıvan - 2016” Beynəlxalq Şahmat Festivalının 3-cü turu keçirilib.
“A” qrupunun bu turu daha çox liderlərin mübarizəsi ilə yadda qalıb. Belə ki, ilk iki turu itkisiz başa vuran 4 zəka sahibi bu turda üz-üzə gəlib. Şəhriyar Məmmədyarov Azər Mirzəyevi, Eltac Səfərli isə Vüqar Əsədlini sınağa çəkib. Ehtiyatlı oyun sərgiləyən beynəlxalq qrossmeysterlər ağ-qara taxtanı heç-heçə tərk ediblər. Turnir cədvəlində üst pilləni maraqlandıran digər oyunda beynəlxalq qrossmeyster Vüqar Rəsulov FİDE ustası Andrey Mustafini məğlub edib. “A” qrupunun ən çox əmsalı olan şahmatçılarından biri, ukraynalı beynəlxalq qrossmeyster Yuriy Kuzubov (2632) iki turu uğurla başa vurduqdan sonra 3-cü turda azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarova ilə qarşılaşıb. Ağ-qara taxtanı qalib kimi tərk edən ukraynalı beynəlxalq qrossmeyster xallarının sayını 2,5-ə yüksəldib.
Günün ən maraqlı oyunlarından biri isə almaniyalı qrossmeyster İqor Xenkin (2575) ilə türkiyəli 17 yaşlı FİDE ustası Sevgi Volkan (2210) arasında olub. Gərgin görüş rəqiblərin xalları yarı bölməsi ilə nəticələnib. Festivalın favoritlərindən biri hesab edilən azərbaycanlı beynəlxalq qrossmeyster Nicat Abasov bu turu da məğlubiyyətsiz başa vurub. İlk iki turda heç-heçə edən beynəlxaq qrossmeyster bu turda digər azərbaycanlı beynəlxalq qrossmeyster Türkan Məmmədyarovanı (2257) ağ-qara taxtada üstələməyi bacarıb. Monqolustanlı zəka sahibi, beynəlxalq qrossmeyster Enxtuul Altan Ulzi də bu turda sevinənlərdən olub. O, azərbaycanlı beynəlxalq qrossmeyster Zaur Məmmədovu (2465) üstələyib.
Naxçıvanlı zəka sahiblərindən beynəlxalq qrossmeyster Ürfan Sevdimalıyev beynəlxalq usta Ülviyyə Fətəliyevanı (2301) məğlub edərək aktivinə bir xal yazdırmağı bacarıb. 16 yaşlı zəka sahibimiz, beynəlxalq qrossmeyster Pərviz Qasımov isə iranlı Bageri Maziara məğlub olub. Digər həmyerlimiz, FİDE ustası Toğrul Həsənzadə bu turda ustalığa namizəd Aydın Süleymanlı ilə qarşılaşıb və qələbə qazanıb.
Bu turdan sonra turnir cədvəlinə 7 şahmatçı başçılıq edir.
“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının “B” qrupunda liderlər yavaş-yavaş öz mövqelərini möhkəmlətməkdədirlər. Bu tur daha çox Naxçıvan şahmatçısı Vüsal Abbasovun (2126) qələbəsi ilə yadda qalıb. O, 3 turda maksimum xal qazanan 9 zəka sahibindən biridir.
Şahmat festivalının “C” qrupunda isə artıq 13 şahmatçı liderdir. Onlardan 3-ü Naxçıvan şahmat məktəbinin yetirməsidir.
Xəbərlər şöbəsi