22 Dekabr 2024, Bazar

Naxçıvan mötəbər bir şahmat bayramına – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edir. Hakimlərin və iştirakçıların maraqlı fikirlərini oxucularımızla bölüşməyi peşə borcu bilirik:

“Gənclərin mənəvi tərbiyəsində, zehni inkişafında mühüm vasitə olan şahmat Azərbaycanda yüksək templə inkişaf edən və çox sevilən bir idman növüdür. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan şahmatçılarını daim diqqət və qayğı ilə əhatə edib, sonrakı illərdə də bu proses uğurla davam etdirilib. Bu qayğının nəticəsi olaraq şahmatçılarımız dünya miqyaslı yarışlarda qazandıqları uğurlu nəticələrlə xalqımızı sevindirirlər. Azərbaycanın şahmat üzrə yığma komandası dünyanın ən güclü komandaları arasında ön sıralardadır. Bu yarış haqqında isə onu deyə bilərəm ki, blokadada olan muxtar respublikanın belə bir şahmat bayramına ev sahibliyi etməsi regionun sürətli inkişafından, şahmat idman növünə göstərilən yüksək dövlət qayğısından xəbər verir. Bu gün qətiyyətlə deyə bilərik ki, özünün sürətli inkişafı ilə diqqətləri cəlb edən, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Naxçıvan Muxtar Respublikası həm də beynəlxalq idman yarışlarının keçirildiyi region kimi tanınıb və şöhrət qazanıb. Qədim diyar dünyanın şahmat arenasında da özünün layiqli yerini tutub, beynəlxalq şahmat festivallarının keçirildiyi diyar kimi tanınıb. Naxçıvanda şahmat üzrə mötəbər yarışların keçirilməsinin artıq ənənə halını alması muxtar respublikanı şahmat diyarı kimi tanıtmaqla yanaşı, Naxçıvan şahmatçıları arasında yeni istedadları üzə çıxaracaq. Naxçıvanda şahmatın inkişafına göstərilən qayğı nəticəsində yerli şahmatçılar arasında beynəlxalq dərəcəli şahmatçıların yetişməsi sübut edir ki, burada bu idman növü üzrə məqsədyönlü və planlı işlər aparılır”.

Bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, yarışın baş hakimi Faiq Həsənov qəzetimizə müsahibəsində dedi.
Müsahibimiz onu da bildirdi ki, artıq altıncı dəfədir, keçirilən beynəlxalq şahmat festivalında dünyanın müxtəlif ölkələrindən onlarla tanınmış şahmatçı iştirak edir. Hələ yarışlar başlamazdan öncə yüzlərlə şahmatçı federasiyaya müraciət edərək bu festivalda iştirak etmək istədiyini bildirmişdi. Bu da ondan irəli gəlir ki, Naxçıvanda beynəlxalq səviyyəli şahmatçıların yarışması, asudə vaxtını səmərəli keçirməsi, eləcə də istirahəti üçün hər cür şərait var. Bundan başqa, festivalın mükafat fondu da kifayət qədər cəlb­edicidir. Təkcə güclülərdən ibarət “A” qrupunda 10 ölkə­nin 48 zəka sahibindən 44- nün müxtəlif titullara sahib olması bu yarışa şahmatçıların böyük marağından xəbər verir. Onlar bir daha görürlər ki, Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevə nə qədər dərin hörmət və ehtiram var, dahi rəhbərin xatirəsinə həsr edilən festivalda hər bir kiçik təfərrüata xüsusi diqqət yetirilib, təşkilatçılıq zərgər dəqiqliyi ilə aparılıb. Məncə, bu, blokadada olan Naxçıvan üçün böyük nailiyyətdir və festivalın əhəmiyyətini son dərəcə artırır. Naxçıvanı dünyadan ayrı salmaq istəyənlərə ən yaxşı cavabı da elə Naxçıvan özü verir: idman, mədəniyyət, incəsənət və digər sahələrdəki uğurları ilə yalnız fiziki blokadada olduğunu bütün dünyaya sübut edir, mənən bütün sərhədləri aşır, inkişaf edən dünyaya inteqrasiya olunur. “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalı buna əyani sübutdur.
Faiq Həsənov onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının şahmat məktəblərində yaradılan şərait ölkə miqyasında nümunə gücündədir. Bundan başqa, orta məktəblərdə şahmat fənninin tədrisi üçün hərtərəfli şərait yaradılmasını gələcəyə hesablanmış addım kimi qiymətləndirmək olar.
Artıq üçüncü tur arxada qalıb. “B” və “C” qruplarında çox sayda Naxçıvan şahmatçısının bu turlar ərzində inamlı çıxışları bu sahəyə göstərilən qayğıdan xəbər verir.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR