Böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədilə Qax rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü yarışlarının respublika birinciliyində Naxçıvan Muxtar Respublikasını muxtar respublika zona birinciliyinin qalibi olan Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası layiqincə təmsil edib.
Belə ki, şagirdlər 100 metr məsafəyə qaçış, turnikdə dartınma, 2000 metr məsafəyə kross qaçışı və qumbaraatma növləri üzrə öz məharətlərini göstərərək Azərbaycan çempionu adını qazanıblar. Ölkənin bütün qalib komandalarının mübarizə apardığı birincilikdə eyni zamanda Oğlanqala kənd tam orta məktəbinin şagirdi rekorda da imza atıb. Təmsilçimiz Zamin Quluzadə 100 metr məsafəni hamıdan tez qət edərək rekord nəticə əldə edib, əlavə diplom və medalla təltif olunub.
Dünən Şərur rayon Oğlanqala kənd tam orta məktəbində qalib komanda üzvləri ilə görüş keçirilib və onlar mükafatlandırılıblar. Mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov qeyd edib ki, bu gün muxtar respublika rəhbərinin diqqəti sayəsində Naxçıvanın ucqar bölgələrində belə, müasirtipli məktəblər tikilərək şagirdlərin istifadəsinə verilir. Bu, onu göstərir ki, muxtar respublikada təhsilə qayğı yüksək səviyyədədir. Şagirdlərimizin təhsil sahəsində əldə etdiyi nailiyyətlərlə yanaşı, idmanda da bir sıra uğurlar qazanması sevindirici haldır. Məktəb kollektivini təbrik edən təhsil naziri ölkə birinciliyində qalib gələn idmançı şagirdlərə bundan sonra da uğurlar qazanmalarını arzulayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov isə vurğulayıb ki, şagirdlərin ölkə birinciliyində qalib gəlməsi muxtar respublikanın ümumtəhsil məktəblərinə göstərilən diqqətin bariz nümunəsidir. Yeni məktəblərdə şagirdlər təhsillə yanaşı, idmana da böyük maraq göstərirlər. Gənc nəsli Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə etmək, yaradıcı düşünən, sağlam gənclər yetişdirmək istiqamətində məktəb kollektivlərimiz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Sonda qalib komandaya kubok təqdim olunub, şagirdlər və müəllimlər fəxri fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Ceyhun Məmmədov