Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatı başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi açıq çempionat Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.
Mayın 10-da keçirilən bağlanış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxış edərək muxtar respublikamızda idman infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, federasiyanın nailiyyətlərindən danışıb, idmançılara final görüşlərində uğurlar arzulayıb.
Sonra çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici haldır ki, Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət ölkəmizdə idmanın ən yüksək səviyyədə inkişafına şərait yaradıb. Son illər ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib.
Nazir qeyd edib ki, Naxçıvanda idmanın inkişafı diqqətdə saxlanılır, beynəlxalq dərəcəli idmançılar yetişdirilir. Azad Rəhimov muxtar respublikada keçirilən yarışları yüksək dəyərləndirərək deyib ki, hər il keçirilən bu turnirlərə idmançılar böyük maraq göstərirlər. Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına göstərilən qayğı, yaradılan infrastruktur məmnunluq doğurur. Karate-do idman növünün inkişafı istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Ulu öndərin anadan olmasının ildönümü münasibətilə keçirilən karate-do yarışı bu mənada mühüm əhəmiyyət daşıyır.
“Gənc idmançılarımız sabah Azərbaycanı beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında layiqincə təmsil edəcək gücdədirlər”, – deyən Azad Rəhimov karate-do üzrə keçirilən “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika açıq çempionatında mübarizə aparacaq hər bir idmançının gələcəkdə Azərbaycan bayrağını daha da yüksəklərə qaldıracağına əminliyini bildirib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının yetirmələrinin nümunəvi çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonra final görüşlərinə start verilib. Qeyd edək ki, iki gün davam edən açıq çempionatda 200-dən çox idmançı və 15 komanda mübarizəyə qoşulub. Reqlamentə əsasən, oğlanlar 6, qızlar isə 2 yaş qrupunda birincilik uğrunda mübarizə aparıblar. Oğlanların mübarizəsində Rəsul Yaqubov (6-7 yaş, Bakı), Məhəmməd Şıxəlili (8-9 yaş, Naxçıvan), Vüsal Seyidov (10-11 yaş, Naxçıvan), İmran Həsənov (12-13 yaş, Naxçıvan), Babək Qələmzadə (14-15 yaş, Bakı) və Mirpaşa Kərimzadə (16-17 yaş, Naxçıvan) bütün rəqiblərini üstələyərək açıq çempionatın qalibi olublar. Qızlar arasında isə Fatimə Vəliyeva (8-9 yaş, Bakı) və Səmra Sadiqova (10-11 yaş, Naxçıvan) həmyaşıdları arasında hamıdan güclü olublar.
Sonda çempionatın qalibləri diplom və medallarla mükafatlandırılıblar. Komanda hesabında qalib olan “Naxçıvan” komandasına kuboku Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov təqdim edib.
* * *
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda kikboksinq üzrə gənclər və kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə muxtar respublikanın şəhər və rayon komandalarının 100-ə yaxın idmançısı mübarizə aparıb. İki gün davam edən birincilik kikboksinqin vako versiyası qaydalarına uyğun olaraq layt kontakt üslubunda keçirilib. Mübarizədə kişilər 60, 64, 75, 81 və +81 kiloqram, gənclər isə 51, 54, 57, 63,5 və 71 kiloqram çəki dərəcələrində rinqə çıxıblar.
Yekun nəticəyə əsasən, kişilərin mübarizəsində Qumral Məmmədli (60 kiloqram), Samiq Seyidov (64 kiloqram), İbrahim İbrahimli (75 kiloqram), Emin Seyidov (81 kiloqram) və Mirəli Seyidov (+81 kiloqram) öz çəki dərəcələrində qalib adını qazanıblar. Gənclərin mübarizəsində isə Tulin Ələkbərova (51 kiloqram), Fərman Rzayev (54 kiloqram), Əhməd Rzayev (57 kiloqram), Araz Hüseynov (63,5 kiloqram) və Əbülfəz Əliyev (71 kiloqram) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Birinciliyin qalibi olan “Naxçıvan” komandasına isə kubok təqdim edilib.
* * *
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə Naxçıvan Muxtar Respublikası çempionatına yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi çempionatın finalında “DİN-Darıdağ FK” ilə Naxçıvan Dövlət Universitetinin (NDU) komandası üz-üzə gəlib. Reqlamentə əsasən, çempionatın ilk görüşləri komandaların meydançalarında baş tutub və olimpiya sistemi üzrə keçirilib. Yarımfinal mərhələsinə yüksələn komandalar isə Naxçıvan Muxtar Respublika Stadionunda finala çıxmaq uğrunda mübarizə aparıblar. Bu mərhələdə “DİN-Darıdağ FK” komandası “Araz-Naxçıvan”ı (2:1), “NDU” isə “Babək” komandasını (3:1) üstələyərək həlledici görüşdə iştirak etmək hüququ qazanıblar. Final görüşünə gəlincə, oyunun son dəqiqələrinə kimi hesabda 3:1 öndə olan “NDU” bu üstünlüyünü sonadək qoruya bilməyib. Son 5 dəqiqədə 2 top vuran “DİN-Darıdağ FK” hesabda “status-kvo”nu bərpa edib. Oyunun əsas vaxtı heç-heçə (3:3) başa çatdığından əlavə vaxt oynanılıb. Bundan istifadə edən tələbələr daha bir qol vurmaqla çempionatın qalibi adını qazanıblar.
Çempionatın bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, müstəqil Azərbaycan Respublikasının uğurlu idman siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı idman siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan idmançıları dünya arenalarında uğurlar qazanırlar.
Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev çıxışında vurğulayıb ki, ölkədə gənclərlə işin ayrılmaz tərkib hissəsi kimi idmanın inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Bu sahədə konkret addımlar yalnız müdrik rəhbərin hakimiyyətə qayıdışından sonra atılıb. Respublikada idman hərəkatı cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra geniş vüsət almağa başlayıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da idmana yüksək diqqət və qayğı göstərilir. Regionun şəhər və rayonlarında onlarla müasir idman obyektləri tikilərək idmançıların istifadəsinə verilib. Hər il Naxçıvanda müxtəlif idman yarışları keçirilməkdədir.
Federasiya sədri “Heydər Əliyev kuboku” uğrunda futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatının qaliblərini təbrik edib, onlara bu sahədə daha böyük uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxışında universitetin idman uğurlarından danışıb.
Sonra mükafatlandırma mərasimi keçirilib. NDU-nun komandasına kuboku və hədiyyələri Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, ikinci olan “DİN-Darıdağ FK” komandasına isə hədiyyələri Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov təqdim edib.
* * *
Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-dən çox pəhləvan 10 çəki dərəcəsində mübarizə aparıb.
Birinciliyin nəticələrinə görə 9 çəki dərəcəsində Naxçıvan şəhər təmsilçiləri Abbas Nəzərəliyev (42 kiloqram), Muxtar İbrahimov (46 kiloqram), Bağır Zeynalov (50 kiloqram), Bəhlul Əsgərov (54 kiloqram), Sərdar Əliyev (58 kiloqram), Murad Quliyev (63 kiloqram), Rauf Qurbanov (76 kiloqram), Səbuhi Babayev (85 kiloqram) və Sərxan Əliyev (100 kiloqram) bütün rəqiblərini üstələyərək qalib adını qazanıblar. Şərur rayon təmsilçisi Onur Tağıyev isə 69 kiloqram çəki dərəcəsində qalib olub.
I, II və III yerləri tutmuş idmançılar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla və Güləş Federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
“Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin qalibi olan “Naxçıvan” komandasına isə kubok təqdim edilib.
Ceyhun Məmmədov