Mayın 6-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda sərbəst güləş üzrə muxtar respublika birinciliyinin iştirakçılarını salamlamış və idmançılara uğurlar arzulayaraq demişdir: Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu dövrlərdə idmanla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, idmanın maddi-texniki bazası da yaxşılaşdırılmış, idman kompleksləri tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmış, onlardan səmərəli istifadə təmin edilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, idmana dövlət qayğısı daha da artmış, onun maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Bunun da nəticəsində müstəqil Azərbaycan həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmış və olimpiya hərəkatına qoşulmuşdur.
Qeyd olunmuşdur ki, bu gün Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya-idman komplekslərinin, idman obyektlərinin, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana olan marağını artırmış, istedadlı idmançıların yetişməsini təmin etmişdir. Müasir idman infrastrukturunun, eləcə də perspektivli idmançıların mövcudluğu muxtar respublikada beynəlxalq turnirlərin, mötəbər idman yarışlarının keçirilməsinə əlverişli şərait yaratmışdır. Artıq Naxçıvanda digər idman növləri ilə yanaşı, güləş üzrə də beynəlxalq yarışlar və turnirlər təşkil olunur.
“Güləş elə bir idman növüdür ki, qədimdən Azərbaycanda bu idmana maraq yüksək səviyyədə olmuşdur”, – deyən federasiya sədri bildirmişdir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda güləş idman növünün inkişaf etməsi bir tərəfdən milli irsimizə və ənənələrimizə bağlılıqdan irəli gəlirsə, digər tərəfdən yaradılmış güclü maddi-texniki baza və idmana göstərilən yüksək dövlət qayğısı ilə əlaqədardır. Buna görə də Azərbaycan güləşçiləri ilə yanaşı, muxtar respublika güləşçiləri də beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında böyük uğurlar qazanırlar. Sərbəst güləş üzrə muxtar respublika birinciliyi də fəal idman mübarizəsi şəraitində keçəcək, idmançılar yüksək əzmkarlıq nümayiş etdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün idmançılar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş, yeniyetmələr arasında keçirilən “Heydər Əliyev kuboku” uğrunda sərbəst güləş üzrə muxtar respublika birinciliyini açıq elan etmişdir.
Sonra yarışlara start verilmişdir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-dən çox pəhləvan 10 çəki dərəcəsində mübarizə aparacaqlar. I, II və III yerləri tutmuş idmançılar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.
“Şərq qapısı”