Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında sərbəst güləş üzrə respublika çempionatı keçirilib.
Yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar. Şəxsi və komanda yarışında idmançılarımız uğurlu nəticə əldə ediblər. Belə ki, çempionatda ən uğurlu nəticəni 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramin Məmmədov qazanıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Elşən Qasımov (61 kiloqram), Mahir Babayev (66 kiloqram) və Elməddin Abdullayev (96 kiloqram) finala kimi yüksəlsələr də, həlledici qarşılaşmada məğlub olaraq çempionatı ikinci pillədə başa vurublar. Rəşad Həsənov (66 kiloqram), Cavanşir Yaqubov (85 kiloqram), Kamil Salayev (96 kiloqram) və Rəşadət Nuriyev (125 kiloqram) isə çempionatın bürünc medalını qazanıblar.
24 komandanın mübarizə apardığı yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası ümumi hesabda çempionatın üçüncüsü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və medal, komandaya isə kubok təqdim edilib.
* * *
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələri Azərbaycan çempionatında yeni uğura imza atıblar. İsmayıllı rayonunda keçirilən yeniyetmələr arasında kikboksinq üzrə ölkə birinciliyində muxtar respublikanı 8 idmançı təmsil edib.
Qızların mübarizəsində rinqə çıxan Tulin Əsgərova naxçıvanlıları sevindirib. 45 kiloqram çəki dərəcəsində idmançımız bütün rəqiblərini üstələyərək çempionatın qızıl medalını qazanıb. Oğlanların mübarizəsində isə Qurban Qənbərli (52 kiloqram) və Rauf Həsənov (54 kiloqram) bürünc medal qazanıblar.
İdmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
Xəbərlər şöbəsi