Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən muxtar respublika turniri başa çatıb. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun olaraq keçirilən turnirdə muxtar respublikanın şəhər və rayonlarının dəri əlcək sahibləri mübarizə aparıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi və 80-ə yaxın dəri əlcək sahibinin mübarizə apardığı turnirin son günündə rinqə finalçılar çıxıblar. Reqlamentə əsasən, turnirdə 2000, 2001, 2002-ci illər təvəllüdlü yeniyetmələr, gənclər və böyüklər 10 çəki dərəcəsində – 40, 45, 50, 56, 60, 64, 69, 75, 81 və 91 kiloqramda qalibi müəyyənləşdirməyə çalışıblar.
Gözlənildiyi kimi, yenə 60, 64 və 75 kiloqram çəki dərəcələrindəki final görüşləri böyük marağa səbəb olub. 60 kiloqram çəki dərəcəsində Sədərək boksçusu Müslüm Tağıyev beynəlxalq turnirlərin qalibi Sərxan Əliyevlə üz-üzə gəlib. Lakin daha üstün döyüş sərgiləyən Sərxan Əliyev hər üç raundu qələbə ilə başa vurub. 65 kiloqram çəki dərəcəsində keçirilən həlledici qarşılaşma isə mübarizliyi ilə seçilib. Muxtar respublikanı beynəlxalq yarışlarda layiqincə təmsil edən Tayfur Əliyev “Heydər Əliyev kuboku” uğrunda turnirin qalibi olmaq üçün İbrahim Cəfərzadə ilə qarşılaşıb. Ölkə birinciliklərinin və beynəlxalq turnirlərin mükafatçıları olan hər iki dəri əlcək sahibinin döyüşündə rinqi qalib kimi Tayfur Əliyev tərk edib. Məhəmmədəli Bağırov isə 75 kiloqram çəki
dərəcəsində Kəngərli təmsilçisi Məhəmməd Bayramovu üstələyib. Digər çəki dərəcələrində isə Ülvü Süleymanov (40 kiloqram, Naxçıvan), Kənan Şəfiyev (45 kiloqram, Şərur), Kənan İbrahimov (50 kiloqram, Ordubad), Kamran Allahverdiyev (56 kiloqram, Naxçıvan), Elnur Mustafayev (69 kiloqram, Şərur), Sərvər Abdullayev (81 kiloqram, Naxçıvan) və Bəhruz Cabbarov (91 kiloqram, Şərur) bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar.
Komanda hesabında isə “Naxçıvan” komandası turnirin qalibi olub.
Sonda qalib idmançılar mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov və Boks Federasiyasının sədri Məhərrəm Talıbov təqdim ediblər.
Ceyhun Məmmədov