Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin zalında kiçikyaşlı yeniyetmələr (2002-2004-cü illər təvəllüdlü) arasında yunan-Roma güləşi üzrə daxili birincilik keçirilib.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilikdə 70-ə yaxın pəhləvan qüvvəsini sınayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədr müavini Faiq İsgəndərov bildirib ki, bu gün Naxçıvanda güləşin inkişafı üçün hər bir şərait yaradılıb. Məqsəd qədim idman növünü uşaqlar arasında geniş yaymaq və onu kütləvi hala gətirməkdir. Bunun üçün belə yarışların təşkili vacibdir. Məktəbin daxili birinciliyini keçirməklə həm də kiçikyaşlı yeniyetmələrin yarış təcrübələrini artırmış oluruq.
Yarışın yekun nəticəsinə gəlincə, Nicat Ocaqquliyev (29 kiloqram), Uğur Məmmədov (32 kiloqram), Kənan Qasımov (35 kiloqram), Hüseyn Əhmədli (38 kiloqram), Kamran Məmmədov (42 kiloqram), Abbas Nəzərəliyev (46 kiloqram), Sabir Məmmədov (50 kiloqram), Anar Həsənov (54 kiloqram), Rəvan Bayramov (58 kiloqram), Asiman Novruzov (63 kiloqram) və Qoca Əhmədov (69 kiloqram) rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda qalib güləşçilər diplomlarla təltif ediliblər.
Xəbərlər şöbəsi