Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikada fəaliyyət göstərən federasiyalar hər ay idman tədbirləri keçirməklə, uşaq, yeniyetmə və gənclərin sağlamlığı ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkil olunmasını da təmin edirlər.
Hər ay olduğu kimi, aprel ayında da Gənclər və İdman Nazirliyi ilə federasiyaların birgə təşkil etdikləri yarışlar və turnirlərdə yüzlərlə gənc iştirak edib. Ay ərzində ilk olaraq Şərur Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kikboksinq üzrə Şərur rayon və Naxçıvan şəhər komandaları arasında yoldaşlıq görüşü keçirilib. 80-dən çox idmançının iştirak etdiyi görüşdə əsas məqsəd istedadlı idmançıları üzə çıxarmaq və onların ölkə birinciliyində mübarizələrini təmin etmək olub. Şərq Döyüşü Sənəti Federasiyasının nazirliklə birgə təşkil etdiyi yarışdan sonra Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məhz bu idmançılar üçün texniki-taktiki seminar da keçirilib. Ümumiyyətlə, aprel ayında belə seminarlar sırasına karate-do və güləşi də əlavə etmək olar. Seminarlarda məşqçi və hakimlər, həmçinin idmançılar yeni qaydalarla tanış olub, bu qaydalar praktik olaraq nümayiş etdirilib.
Federasiyaların nazirliklə birgə keçirdiyi yarışlardan biri də Naxçıvan Muxtar Respublika Stadionunda baş tutub. Belə ki, stadionun qaçış zolağında Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında velosiped yarışı üzrə birincilik keçirilib və 50-dən çox idmançı yarışda mübarizə aparıb. Eyni zamanda Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin zalında yunan-Roma güləşi üzrə daxili birincilikdə 70-ə yaxın pəhləvan qüvvəsini sınayıb.
Geridə qoyduğumuz ay ərzində təşkil edilən və daha çox tamaşaçı toplayan yarışlardan biri də “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında pauerliftinq üzrə muxtar respublika birinciliyi idi. Artıq ənənə halını alan və hər il Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə 9 çəki dərəcəsində 50-yə yaxın idmançı gücünü sınayıb.
Muxtar respublikada fərdi növlərlə yanaşı, kollektiv idman növlərinə də maraq yüksəkdir. Xüsusilə sağlamlıq imkanı məhdud insanların bu sahəyə maraq göstərməsi diqqətdən yayınmır. Hər zaman diqqət mərkəzində olan paralimpiyaçılar bu dəfə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində bir araya gəliblər. Futzal üzrə keçirilən muxtar respublika birinciliyində 6 komandada 48 paralimpiyaçı meydana çıxıb.
Bu kompleks 3 gün ərzində kişilər arasında voleybol üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyinə də ev sahibliyi edib. Qızların idmana cəlbi yönündə daim səy göstərən Basketbol Federasiyası yoldaşlıq görüşü təşkil edib, Naxçıvan Atıcılıq Mərkəzində isə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatı keçirilib.
Bu cür yarışlar, tədbirlər ay ərzində muxtar respublikanın rayonlarında da baş tutub. Rayonlarda keçirilən stolüstü tennis, futbol, şahmat, güləş, boks yarışlarına 400-ə yaxın uşaq, yeniyetmə və gənc cəlb olunub.
Aprel ayında ölkədaxili və beynəlxalq turnirlərdə də idmançılarımız uğurla çıxış ediblər. Belə ki, Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi olan Nail Hüseynov Ukraynanın Xarkov şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatında mübarizə aparıb. O, ful-kontakt və layt-kontakt versiyaları üzrə Avropa çempionu adına layiq görülüb. Federasiyanın digər yetirmələri isə MMA üzrə gənclər və kişilər arasında keçirilən 5-ci Azərbaycan çempionatında güclərini sınayıblar. 13 idmançımızdan 1-i qızıl, 8-i gümüş, 1-i isə bürünc medal qazanıb. Bu nəticə “Naxçıvan” komandasının Azərbaycan çempionatını ikinci pillədə başa vurmasına səbəb olub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Həsənov isə Balakən rayonunda keçirilən Məktəblilərin X Respublika Oyunlarında bürünc medal qazanıb.
Ümumiyyətlə, aprel ayını idman aləmində “beynəlxalq yarışlara hazırlıq ayı” adlandırırlar. Məhz bu ay ərzində keçirilən yarışlar və turnirlər göstərdi ki, muxtar respublikada idmana və idmançılara hər zaman diqqət göstərilir və onların uğur qazanması üçün nazirlik və federasiyalar yorulmadan çalışırlar. Bunun nəticəsidir ki, geridə qoyduğumuz ay təşkil edilən idman tədbirlərində 1500-ə yaxın uşaq, yeniyetmə və gənc iştirak edib.
Ceyhun Məmmədov