Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatı davam edir.
Mövsümün sonuna iki tur qalmasına baxmayaraq, çempionluq uğrunda kəskin mübarizə gedir. Artıq 3 komanda cari mövsümdə bu ada yiyələnməyə çox yaxındır. Hazırda turnir cədvəlinin lideri olan “Araz-Naxçıvan” komandası 16-cı turda “Kəngərli” komandası üzərində böyük hesabla qələbə qazanmaqla, vəziyyətini bir qədər də yaxşılaşdırıb. Aktivində 45 xal olan “qırmızı-ağlar” çempionluğa ən real namizəddir. İndi onların mövsümü lider kimi başa vurması üçün cəmi bir xala ehtiyacları var. İkinci pillədə qərarlaşan “DİN-Darıdağ FK” isə 39 xal toplayıb. Onlar mövsümü çempion kimi tamamlamaları üçün qalan iki oyunda qələbə qazanmaqla yanaşı, “Araz-Naxçıvan”ın xal itirməsinə də bel bağlamalıdırlar. Əks təqdirdə, ötən mövsüm olduğu kimi yenə də turnir cədvəlini ikinci pillədə başa vuracaqlar.
Naxçıvan Dövlət Universitetinin (NDU) komandasının da çempionluq şansı qalır. Onların mövsümü lider kimi başa vurması üçün 3 görüşdən 9 xal toplamaları vacibdir. Ancaq bu oyunların birinin “Araz-Naxçıvan”la olduğunu nəzərə alsaq, o zaman NDU komandasının işi çətindir.
Turnir cədvəlinin ilk 3 pilləsindəki komandaların mövsümü hansı pillədə başa vuracaqları dəqiq olmasa da, artıq digər pillələrdə qərarlaşan komandaların vəziyyəti məlumdur. Mövsümə yaxşı başlayan Şərurun “Arpaçay” komandasının ikinci dövrədən sonra oyununda sönüklük yarandı və liderlərdən bir qədər aralı düşdü. Hazırda 4-cü pillədə özünə yer tapan “Arpaçay” ən yaxşı halda mövsümü üçüncü pillədə başa vura bilər. O da belə mümkün olar ki, NDU-nun futbolçuları 3 görüşü də uduzsunlar.
Mövsümün başa çatmasına az qalmış yenə də autsayder “libasını” “Sədərək” komandası “geyinib”. İl ərzində cəmi 2 qələbə qazanan sədərəklilər son turda gözlənilmədən səfərdə “Batabat”ı məğlub etməyi bacarıblar. XIV turun təxirə salınmış görüşündə isə “Kəngərli” komandası qarşısında darmadağın olublar – 1:5. Bombardirlər siyahısına gəlincə, “DİN-Darıdağ FK”-nın forvardı Mahir Babayev 14 qolla liderliyini davam etdirir. Digər üç pillədə isə “Araz-Naxçıvan”ın forvardları qərarlaşıb. Belə ki, zədələnərək mövsümü vaxtından əvvəl başa vuran Tağı Seyidov 12 qolla ikinci, Samir Kərimov üçüncü (11 qol), İbrahim Əliyev isə dördüncüdür (9 qol).
Ceyhun Məmmədov