22 Dekabr 2024, Bazar

Naxçıvanda mayın 9-dan 18-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ənənəvi “Naxçıva-2016” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Reqlamentə əsasən, beynəlxalq festivalda güclülər (“A” turniri), əmsalı 2200-dən az olanlar (“B” turniri) və uşaqlar (“C” turniri) olmaqla, zəka sahibləri güclərini 3 turnirdə sınayacaqlar. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, oyun başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq. Artıq “Naxçıvan Open-2016” festivalında iştirak etmək üçün 9 ölkə­nin 50-yə yaxın qrossmeysteri, FİDE və beynəlxalq ustası müraciət edib və onların sayının artması istisna deyil.
Keçiriləcək şahmat festivalında iştirak edəcək şahmatçıların reytinq siyahısına Eltac Səfərli (2666 – Azərbaycan) başçılıq edir. İştirakçılar arasında Yuriy Kuzubov (2638 – Ukrayna), Yevgeni Aleksev (2633 – Rusiya), Sergey Tiviakov (2590 – Hollandiya), İqor Xenkin (2586 – Almaniya), Vadim Malaxatko (2501 – Belçika), Pouria Darini (2496 – İran), Azərbaycan şahmatçılarından Nicat Abbasov, Vüqar Rəsulov, Zaur Məmmədov, Xəyalə Abdulla, Zeynəb Məmmədyarova kimi güclü zəka sahibləri var. Naxçıvan şahmat məktəbinin yetirmələrindən olan Pərviz Qasımov, Urfan Sevdimalıyev və Toğrul Həsənzadə də “A” turnirində iştirak edəcəklər.

Qeyd edək ki, turnirin mükafat fondu 35 min ABŞ dolları həcmindədir. Ötən il “A” qrupunun qalibi azərbaycanlı qrossmeyster Eltac Səfərli olub.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş idman yarışları bununla bitməyəcək. Belə ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları Gənclər və İdman Nazirliyi ilə birgə 15-ə yaxın birincilik təşkil edəcəklər. İlk belə yarış “Heydər Əliyev Kuboku” uğrunda futbol üzrə çempionatdır. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində isə boks üzrə muxtar respublika turniri olacaq. İki gün (4-5 may) davam edəcək turnirdə 150-dən çox dəri əlcək sahibinin iştirak edəcəyi gözlənilir. Həmçinin azarkeşlər kompleksdə güləş, karate-do, voleybol və basketbol idman növləri üzrə də keçiriləcək Naxçıvan Muxtar Respublika çempionatlarına şahidlik edəcəklər. May ayının 10-da isə Şərur Rayon Olimpiya-İdman Kompleksində kikboksinqçilərin muxtar respublika birinciliyi olacaq. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika, Atıcılıq və Hava və Ekstremal İdman Növləri federasiyaları birgə kross qaçışı, peyntbol və Əlincəqalaya yürüş üzrə muxtar respublika birincilikləri keçirəcəklər.
21-28 may tarixləri arasında isə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində usta ağır atletlər arasında qitə birinciliyi təşkil olunacaq. Həmçinin bu kompleks 12-13 may tarixlərində paralimpiyaçılar arasında beynəlxalq turnirə də ev sahibliyi edəcək.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR