Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin final mərhələsinə yekun vurulub.
Şərur, Sədərək, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonları və Naxçıvan şəhər məktəblilərinin mübarizə apardığı yarışda hər komanda 5 nəfərdən ibarət heyət formalaşdırıb. Birincilik uğrunda mübarizədə məktəblilər yarışın reqlamentinə əsasən, 6 növdə qüvvələrini sınayıblar. İlk olaraq onlar 100 metr və 2000 metr məsafədə qaçışda yarışıblar. Digər növlərdə isə məktəbli gənclər fiziki güclərindən istifadə ediblər. Əvvəlcə turnikdə dartınan yarış iştirakçıları idman nərdivanını keçmə və paralel qollarda qolların bükülüb-açılması mərhələsində də mübarizə aparıblar. Son olaraq isə məktəblilər qumbaraatma mərhələsində birinciliyin qaliblərini müəyyənləşdirməyə çalışıblar.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə birinciliyin final mərhələsinin qalibi Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası olub. Komanda Qax şəhərində keçiriləcək Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikasını təmsil edəcəkdir.
Ceyhun Məmmədov