22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki “N” hərbi hissədə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordusunun, Naxçıvan Muxtar Respublikası Təhsil və Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsədin böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqəti artırmaqdan, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Sonra yarışlara start verilib.
Hərbi-idman oyununda komandalar sıra hazırlığı, patron darağının doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə qüvvələrini sınayıblar.
Yarışın nəticəsinə əsasən, Culfa rayonunun Saltaq kənd tam orta məktəbinin komandası I yerə, Ordubad şəhər M.Füzuli adına tam orta internat məktəbinin komandası II yerə, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, birincilikdə I və II yeri tutan komandalar may ayında keçiriləcək respublika mərhələsinə vəsiqə qazanıblar.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR