Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Ali Məclisin Sədri muxtar respublikada idmanın stend və sportinq atıcılıq növünün inkişafı, bu idman növü ilə yanaşı, hava və ekstremal idman növünün fəaliyyətinin təşkili üçün hər cür şəraitin mövcud olduğunu önə çəkib. Müşavirədə hər iki idman növü üzrə təşkilati işlərin görülməsi və yeni idman federasiyalarının yaradılması qərara alınıb.
Müşavirədən dərhal sonra Naxçıvan şəhərində “Hədəf” və “Qələbə” adlı iki atıcılıq idman klubu yaradılıb. Yaradılmış bu iki idman klubu əsasında Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının təsis yığıncağı keçirilib. Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri seçilib.
Təsis yığıncağında federasiyanın nizamnaməsi qəbul edilib, sədr müavini, baş katib və təftiş komissiyasının üzvləri müəyyənləşdirilib.
Federasiya sədri əsas məqsədin muxtar respublikada atıcılıq idman növünün maddi-texniki bazasının möhkəmləndirilməsi, idmanın bu növü ilə peşəkar səviyyədə məşğul olmaq üçün hər cür şəraitin yaradılması, stend və güllə atıcılığı, eləcə də sportinq üzrə müxtəlif yarışların keçirilməsi və ölkə miqyaslı yarışlarda Naxçıvan idmançılarının iştirakının təmin edilməsindən ibarət olduğunu vurğulayıb. Muxtar respublikada atıcılıq idman növünün kütləviliyinə nail olunması istiqamətində görüləcək tədbirlərdən də danışan Asəf Məmmədov rayonlarda idman klublarının təsis olunacağını, lazımi imkan və şəraitin yaradılacağını deyib.
Təsis yığıncağında çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Malik Hacıyev əsasında ovçuluq sənətinin dayandığı bu idman növünün günümüzdə ən populyar və elit idman növləri sırasında yer aldığını önə çəkərək yeni yaradılan qurumun muxtar respublikamızda idmanın bu növünün inkişaf etdirilməsində xüsusi rol oynayacağını bildirib.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti