22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında muxtar respublika birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların 8 komandası mübarizə aparır.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirdi ki, hər il mütəmadi olaraq təşkil edilən bu yarışın əsas məqsədi istedadlı voleybolçuları üzə çıxarmaqdır. Azarkeşləri əmin edə bilərik ki, açıq birincilikdə kifayət qədər maraqlı oyunlara şahidlik edəcəklər.
Federasiyanın sədr müavini Aydın Mirzəyev isə çıxışında keçirilən birinciliyin reqlamenti haqda idmançıları məlumatlandırdı. Vurğuladı ki, son illər muxtar respublikada gənclərin voleybola marağı həddindən çox artıb. İstər şəhər, istərsə də rayonlarda bu növün təbliği üçün federasiya və nazirlik müəyyən addımlar atır.
Açıq birinciliyin reqlamentinə gəlincə, 8 komanda iki yarımqrupda – “A” və “B” qruplarında mübarizə aparırlar. Üç gün davam edəcək birinciliyin “A” qrupunda “Kəngərli”, “Naxçıvan”, “Şahbuz” və “Ordubad” komandaları ilk iki pillə uğrunda meydana çıxacaqlar. “B” qrupunda isə “Şərur”, “Sədərək”, “Culfa” və “Babək” komandaları qalibi müəyyənləşdirməyə çalışacaqlar. Qrup mərhələsində ilk iki pilləni tutan komandalar yarımfinala vəsiqəni təmin edəcəklər. Bu mərhələdə “A” qrupunun lideri “B” qrupunda ikinci olan komanda ilə, “B” qrupunun lideri isə “A” qrupunun ikincisi ilə finalçını müəyyənləşdirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının dəstəyi ilə “Ordubad”, “Sədərək” və “Şərur” komandalarının voleybolçuları birincilik başa çatana kimi Naxçıvan şəhərindəki “Qrand” oteldə yerləşdiriliblər.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR