Bu həftə Bakıda MMA üzrə gənclər və kişilər arasında keçirilən 5-ci Azərbaycan çempionatına yekun vurulub. Bu yarışda muxtar respublikanı Şərq Döyüşü Sənəti Federasiyasının 13 idmançısı təmsil edib.
Gənclərin mübarizəsində ən uğurlu nəticəni 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşən Əliyev qazanıb. O, bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adına layiq görülüb. Bu çəki dərəcəsində digər idmançımız Ramiz Əhmədov gümüş medal əldə edib. 56 kiloqram çəki dərəcəsində Fərid Məmmədov, 77 kiloqramda Xızır İsmayılov və 84+ kiloqramda Elşən Rzayevin qazandıqları medalların da əyarı gümüş olub.
Kişilər arasında keçirilən döyüşlərdə 5 idmançımız fəxri kürsüdə özünə yer qazanıb. Belə ki, Rəhman Quliyev (61 kiloqram), Elxan Həsənəliyev (70 kiloqram), Səyyad Məmmədov (84 kiloqram) və Təhmasib Hüseynov (93 kiloqram) yalnız final döyüşlərində məğlub olaraq ikinciliklə kifayətləniblər. 70 kiloqram çəki dərəcəsində Fərdi Bağırov isə bürünc medal qazanıb.
Çempionatda çıxış edən Naxçıvan komandası qazandığı medalların sayına görə ölkə birinciliyində yalnız “Qafqaz” komandasından geri qalıb və Azərbaycan çempionatını komanda hesabında ikinci pillədə başa vurub.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.
Ceyhun Məmmədov