İnsan psixologiyası onun hər bir idman növü ilə məşğul olmasına imkan verir. Sadəcə, bu durumu tənzimləmək insanın öz iradəsindən asılıdır. Bəzi idman növləri var ki, onları gün ərzində özümüzdən asılı olmayaraq həyata keçiririk. Bu növlər, adətən, idman dünyasında isinmə hərəkətləri kimi ad qazanıb. Bilmədən, hazırlaşmadan idmanla məşğul olmaq insan psixologiyasına da təsir göstərir. Psixoloji durum, adətən, gərgin olduğunda insan istər-istəməz əl-qol hərəkətləri edir ki, bu da orqanizmdə olan mənfi enerjinin “dəfn” olunması ilə yekunlaşır.
İnsan orqanizminin möhkəmlənməsi həm də onun psixoloji durumunun yaxşılaşması, tənzimlənməsi deməkdir. Bəs buna hansı idman növləri ilə nail olmaq mümkündür? Bu məqsədə çatmaq üçün insan orqanizmində kalorini yandırıb, vücudu bərkidən bir neçə hərəkət etmək lazımdır. Təbii ki, bunun üçün insan mütəmadi olaraq məşq etməli, normal yatmalı və sağlam qidalanmalıdır.
Əsas hərəkətlər
İplə hərəkət: bu hərəkəti insanlar, adətən, kiçik yaşlarından edirlər. İplə hərəkətdən, tullanmadan, demək olar ki, hər yerdə istifadə edilməlidir. Çox maraqlıdır ki, iplə hərəkət zamanı hər dəqiqə itirilən kalori digər məşqlərdən daha çoxdur.
Çöməlmə: bütün bədən hissələrini hərəkətə gətirən bu məşq eyni zamanda bütün əzələləri də çalışdırır. Bu məşq ayaqlardakı əzələləri dartmaqla (hərəkətə gətirməklə), ordakı artıq kalorini əritməklə bədənin möhkəmlənməsində müstəsna rol oynayır. Alimlərin araşdırmalarından sonra belə qənaətə gəlinib ki, oturaq işlə məşğul olan insanlar gün ərzində üç saatdan bir 10 dəqiqə bu hərəkətləri etməlidirlər. Bu, eyni zamanda insan psixologiyasını tənzimləyir.
Şınav və ya jim: bir çox insan bu hərəkətin çətin olduğunu düşünür. Fərqli şınav hərəkətləri çiyinlərdəki və qollardakı əzələləri hərəkətə gətirir. Bəzən düşünürük ki, şınav, sadəcə, orqanizmin yuxarı hissəsini inkişaf etdirir. Xeyr, bu, belə deyil, şınav bütün bədən hissələrinin məşq etməsinə zəmin yaradır. Bu hərəkət psixoloji durumla yanaşı, ürək və qan damarlarına faydalıdır, insanın daha çox onurğa sütununun düzgün durmasını təmin edir.
Önə tullanma: ayaq əzələlərini bərkidən bu hərəkət insan orqanizmində inanılmaz funksiyaya malikdir. Gün ərzində 15-20 dəfə bu hərəkəti etməklə 2 aydan sonrakı fərqi hiss edə bilərsiniz.
Üzmək: bədəni möhkəmləndirən, əzələləri hərəkət etdirən üzgüçülük, eyni zamanda təzyiqi düşürmək, ürəyi gücləndirmək və aerobik bədənə sahib olmaq üçün ən mükəmməl idman növüdür.
Qaçmaq: qaçmaq insanda stresi azaldır, ürək və qan-damar əzələlərinin sağlamlığını qoruyur, depressiya riskini aşağı salır və bütün bədənin sağlamlığını təmin edir. Bunlarla yanaşı, güclü, bərkimiş və incə görünən ayaqları formalaşdırır.
Psixologiyanın idmanla tənzimlənməsi
İnsan idman edərkən psixoloji hazırlığı necə olmalıdır? İnsanların günə, eyni zamanda məşqə psixoloji hazırlığı onun temperamenti, xarakteri, yaşı, təcrübəsi və yaşadığı mühitlə əlaqədardır. İdmanda belə bir deyim var – fəaliyyət insanların fiziki və psixoloji fəallıqlarının cəmidir. İdman da bir fəaliyyət olaraq bu iki amili özündə birləşdirir. Məşq edərkən insan hər iki amili inkişaf etdirir, fiziki və psixoloji hörgülərin əhatəsində taktiki və texniki hazırlığın parametrlərini işləyir. Bu sahədə böyük təcrübəyə malik və idmanın icmal konsepsiyasını müəyyənləşdirən amerikalı müəllif Uilyam Morqan deyir: “Ənənəvi bədən tərbiyəsi, istisnasız olaraq, fiziki fəallığa və idmana dair tibbi və pedaqoji tədqiqatlara əsaslanırdısa, idman tədqiqatlarının yeni yaranan sahəsi daha böyük intellektual məqsədləri qarşısına qoyaraq, onu ənənəvi tibbi və pedaqoji, tarixi və sosioloji tədqiqatlarla tamamlayır”. Morqan hesab edir ki, idman psixologiyanın formalaşmasında əsas rol oynayır.
Bəs insan psixologiyasının idmanla tənzimlənməsi nədir? Bu, sarsılmaz inamdır, emosiyaları tənzimləmə qabiliyyətidir, sürətli reaksiyaya malik olmaqdır, analitik təfəkkürdür. İnsanın psixoloji hazırlığında psixiki proseslərin, duyğuların, qavrayışın, təsəvvürün, təxəyyülün, təfəkkürün, diqqətin, iradənin, hafizənin, nitqin və hissin, eləcə də fərdi psixiki xassələrin – temperamentin, xarakterin və qabiliyyətlərin inkişafına dair fərdi və kollektiv planların tərtibi zəruri sayılır. Orqanizmdə sinir sisteminin düzgün tənzimlənməsi idman zamanı psixoloji funksiyaların tərbiyə olunmasına imkan yaradır.
Ceyhun Məmmədov