22 Dekabr 2024, Bazar

Regionumuzda idman sahəsində əldə olunmuş nailiyyətlərdən danışanda mütləq muxtar respublikamızda bu sahənin maddi-texniki bazası haqqında fikir söyləmək lazımdır. Bu gün şəhər və rayonlarımızda 50-dən çox idman zalı, olimpiya-idman kompleksləri fəaliyyət göstərir. Bu isə muxtar respublikamızda idmana olan qayğının nəticəsidir.
Muxtar respublikada gənc­lərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənc­lərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Muxtar respublikada, ümumilikdə, 40 min nəfərdən çox yeniyetmə və gənc fəal şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir, qazanılan qələbələrin sayı artır.
Bugünkü nəticələr həm kəmiyyət, keyfiyyət, həm də idman növlərinin coğrafiyası baxımından əvvəlkilərdən köklü surətdə fərqlənir.

Muxtar respublikada yeniləşən idman obyektləri gənc nəslin bu sahəyə olan marağını gündən-günə artırmaqdadır. Yenidən qurulmasına başlanılan belə idman obyektlərindən biri də Şərur rayonundakı Mahmudkənd stadionudur. Bir müddət əvvəl yararsız vəziyyətdə olan kənd stadionu artıq müasir standartlara cavab verə biləcək şəkildə təmir olunur. Stadionun 3 tərəfi hasarlanıb, bir tərəfində isə idmançıların rahatlığı üçün 2 soyunub-geyinmə və hakim otaqları tikilir. Bununla yanaşı, azarkeşlərin oyunları rahat izləmələri üçün 170 nəfərlik tribuna hazırlanır. Tribuna müasir stadion oturacaqları ilə təmin olunacaq. Stadion ərazisində məşq etmək üçün qurğular quraşdırılacaq. Ot örtüyünə gəlincə, uzunluğu 110, eni isə 65 metr olan meydançaya xüsusi ot toxumu səpilib ki, hazırda dünya arenalarında bu vasitədən istifadə edilir. Stadionun ot örtüyünün suvarılması məqsədilə daimi su sistemi də quraşdırılıb.
Stadionun ərazisində yaşıllıq zolağı salınıb. Belə ki, şənbə günü Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin, həmçinin nazirliyin Şərur rayonunda fəaliyyət göstərən qurumlarının əməkdaşlarının iştirakı ilə 400 ağac tingi, 600 bəzək kolu və 60 ədəd həmişəyaşıl ting əkilib.
Mahmudkənd sakini Elçin Məmmədov yenidən qurulan stadion barədə danışarkən bildirdi ki, bir müddət öncə stadion bərbad vəziyyətdə idi, uşaqlar futbol oynamaq üçün yer tapa bilmirdilər. İndi stadion yenidən təmir olunur, yararsız halda olan tikililər sökülür, yerində isə müasir obyektlər tikilir. Bu, muxtar respublikamızda idmanın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunun ifadəsidir.
Bu gün Naxçıvanda müasir səviyyəli idman infrastrukturu yaradılıb. Bu da idmançıların, gənclərin ruh yüksəkliyini artırır. Əsas məqsəd odur ki, insanlarımız sağlam olsun, sağlam gənc nəsil yetişsin.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR