Naxçıvan Muxtar Respublikasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının aşağı yaş qruplarına aid komandalar üçün təşkil etdiyi turnirlərin oyunları başa çatıb. Şərur Olimpiya-İdman Kompleksində təşkil olunan turnir bir həftə davam edib. Reqlamentə əsasən, 11, 12, 13 və 14 yaşlı uşaqlardan ibarət komandalar mübarizə aparıblar.
10 yaşlı futbolçular arasında keçirilən turnirin final qarşılaşmasında Şahbuz və Kəngərli komandaları üz-üzə gəliblər. Gərgin keçən matçın əsas və əlavə hissəsi heç-heçə (3:3) başa çatdığından qalib penalti zərbələrindən sonra məlum olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Kəngərli futbolçuları həmyaşıdları arasında turnirin qalibi olublar. Elə 11 yaşlı uşaqlar arasında da finala Şahbuz futbolçuları vəsiqə qazanıblar. Onlar bu dəfə həlledici görüşdə şərurlu həmkarlarını sınağa çəkiblər və meydanı 6:4 hesablı qələbə ilə tərk ediblər. Ümumiyyətlə, cari turnir Şahbuz futbolçuları üçün uğurlu olub. 12 yaşlı futbolçular arasında da onlar finalda oynamaq hüququ qazanıblar. Digər final görüşündə olduğu kimi, bu həlledici qarşılaşmada da onların rəqibi Şərur futbolçuları olub. Yenə də meydanı qələbə ilə tərk edən şahbuzlular olub – 3:2.
13 yaşlı futbolçuların liqasında isə qalib adını Ordubad komandası qazanıb. Onlar Naxçıvan şəhərinin komandasını çətin də olsa, məğlub etməyi bacarıblar – 2:1. Son olaraq 14 yaşlı futbolçuların mübarizəsində meydanı qalib kimi tərk edən Naxçıvan komandası olub. Həlledici görüşdə şərurlu həmkarlarını məğlubiyyətə uğradan Naxçıvan komandası bu liqanın baş mükafatını qazanıb – 2:0.
Ümumtəhsil məktəblərinin VII sinif şagirdlərinin “Məktəbli kuboku” turnirinin finalçıları isə Şərur və Ordubad məktəbliləri olublar. Bu görüşdə daha üstün oyun sərgiləyən Şərur komandası meydanı quru hesablı qələbə ilə tərk edib – 3:0.
Qeyd edək ki, Bakıda keçiriləcək final görüşlərində muxtar respublikanı 10 yaşlılarda Kəngərli, 11 və 12 yaşlılarda Şahbuz, 13 yaşlılarda Ordubad və 14 yaşlılarda Naxçıvan komandaları təmsil edəcəklər. “Məktəbli kuboku”nda iştirak etmək hüququnu isə Şərur komandası qazanıb.
Ceyhun Məmmədov