22 Dekabr 2024, Bazar

İnsanın istər daxili, istərsə də xarici görkəmi, həmçinin mədəniyyətinin formalaşmasında idmanın böyük rolu var. İdman gələcək nəslin sağlam ruhda tərbiyə olunmasında, cəmiyyət üçün sağlam fərd yetişdirilməsində, insanlar arasında münasibətin yaranmasında, eləcə də ölkənin beynəlxalq arenada tanıdılmasında mühüm rol oynayan sahədir.
Bu gün Azərbaycanda bu sahə hərtərəfli dövlət qayğısı hesabına özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının timsalında bunu görmək olar. Blokada vəziyyətində yaşamasına baxmayaraq, bu gün muxtar respublikanın şəhər və rayonlarında istifadəyə verilən komplekslər, idman zalları, meydançalar idman sahəsində uğurlar qazanılmasında mühüm rol oynayır. Hazırda Naxçıvanda olimpiya-idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinin də uşaqlar, yeniyetmələr və gənclər arasında geniş vüsət alması üçün müəyyən tədbirlər həyata keçirilir.

Adətən, idmanın elit bir sahə olduğunu cəmiyyət qəbul etsə də, zərif sahə olduğu ilə çoxları razılaşmır. Bəzi idman növləri var ki, onlar daha çox incəlik və zəriflik tələb edir. Bunlardan biri də bədii gimnastikadır. Tarixi uzaq keçmişə söykənən bu növ bütün idman növlərinin başlanğıcı hesab edilir. Naxçıvanda da bu növün geniş yayılması üçün son illərdə xeyli iş görülüb. Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin nəzdində “Xatun” bədii gimnastika bölməsi yaradılıb. Bir ildən çoxdur, fəaliyyət göstərən gimnastika bölməsi Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasının zalında yerləşir. Məşqlər isə məşqçi-müəllim Humay Qafarova tərəfindən aparılır.
Məşq prosesi ilə tanışlıq zamanı daha çox diqqətimizi cəlb edən məqam azyaşlı uşaqların da bu idmana maraq göstərməsi oldu. Məşqçi Humay Qafarova bildirdi ki, indi bədii gimnastikaya müraciət edənlərin əksəriyyəti 3-8 yaşlı qızlardır. Valideynlərin uşaqları bu yaşda gimnastikaya gətirməsi sevindirici haldır. Çünki bədii gimnastikada uğur qazanmağın təməli bu yaşlardan qoyulur.
Öyrəndik ki, bölmədə 3 qrupda 80-ə yaxın uşaq bədii gimnastika ilə məşğul olur. Fiziki imkanları məhdud uşaqlar üçün də ayrıca qrup yaradılıb. Onlara xüsusi olaraq diqqət göstərilir. Hər bir uşaqla yaxından maraqlanılır. Bəzi istedadlı uşaqlara isə əlavə olaraq məşq keçirilir.
Humay Qafarova qısa vaxtda qazanılan uğurların səbəblərindən də danışdı: “Bədii gimnastika ilə məşğul olan uşaqların uğur əldə etməsinin əsas səbəbi yaradılan şəraitdir. Zal bədii gimnastika üçün xalça ilə döşənilib, uşaqların məşq zamanı məşğul olmaları üçün nərdivanlar, həmçinin güzgülər quraşdırılıb. Yaradılan şərait valideynlərdə də xoş təəssüratlar oyadır və onlar övladlarını bu sahəyə yönləndirməkdə maraqlı olurlar”.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR